İDMAN
Azərbaycan cüdoçusu Rüstəm Orucov Olimpiya Oyunlarının finalına yüksəlib [YENİLƏNİB]
Bakı, 8 avqust, AZƏRTAC
Rüstəm Orucov israilli rəqibi Saqi Mukini məğlub edərək Olimpiya Oyunlarının finalına yüksəlib. Finalda cüdoçumuzun rəqibi yaponiyalı Şohei Ono olacaq. R.Orucov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.
20:34
Cüdoçumuzun yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib. R.Orucov bu mərhələdə İsrail idmançısı Saqi Muki ilə görüşəcək.
19:55
Rüstəm Orucov 1/4 final mərhələsində Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Miklos Unqvarını məğlub edib. Azərbaycan idmançısı yarımfinal mərhələsində Saqi Muki (İsrail) - Nikolas Delpopolo (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.
19:18
Cüdoçumuzun dörddəbir finaldakı rəqibi Macarıstan təmsilçisi Miklos Unqvarı olacaq.
Qeyd edək ki, Miklos Unqvarı “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
19:04
Cüdoçumuz növbəti qələbəsini qazanıb. Tatami üzərinə çıxan Rüstəm Orucov 1/8 final mərhələsində Avstraliya idmançısı Jake Bensted üzərində ipponla qələbə qazanıb.
Təmsilçimiz dörddəbir finalda Miklos Unqvarı (Macarıstan) - Dex Elmont (Hollandiya) görüşünün qalibi ilə qarşılaşacaq.
17:53
Cüdoçumuzun növbəti mərhələdəki rəqibi müəyyənləşib. R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) ilə üz-üzə gələcək.
17:42
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan cüdoçusu Rüstəm Orucov mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 finalda Qazaxıstan təmsilçisi Didar Hamza ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Rüstəm Orucov növbəti mərhələyə yüksəlib.