SİYASƏT
Azərbaycan diaspor təşkilatları Avropa Parlamentinin deputatının Dağlıq Qarabağa qeyri-qanuni səfərinə kəskin etirazlarını bildirmişlər
Bununla əlaqədar olaraq, Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Ümumrusiya Azərbaycan Konqresi, Amerika Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycan Şurası, Moldova Azərbaycanlıları Konqresi, Litva Azərbaycanlıları Cəmiyyəti, Polşa-Azərbaycan Birlik Assosiasiyası, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, İsveç Azərbaycan Federasiyası (İAF), Türkiyə-Azərbaycan Dərnəyi, Latviyadakı “Ocaq” Mədəniyyət Mərkəzi, Rusiyanın Çelyabinsk vilayətindəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi, Birləşmiş Ərəb Əmirliyindəki “Azərbaycan” Cəmiyyəti, ABŞ-ın Hyuston şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Gürcüstan Azərbaycanlıları Konqresi, Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqı, Dünya Azərbaycanlıları Konqresi və digər diaspor təşkilatları müxtəlif ünvanlara bəyanatlar göndərmişlər.
Diasporla İş üzrə Diaspor Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bəyanatlar Avropa Parlamentinin sədri Yeji Buzekə, onun dəftərxana müdirinə, köməkçisinə, Polşa Seyminin Marşalı Gjegoj Sxetinaya, Tomaş Porebanın özünə, Polşa Xarici İşlər Nazirliyinə və bu ölkənin Azərbaycandakı səfirliyinə göndərilmişdir.
Bəyanatlarda bildirilir ki, Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomaş Porebanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qeyri-qanuni səfəri Azərbaycan diasporunun ciddi narazılığına və etirazına səbəb olmuşdur. İşğal edilmiş ərazilərimizə rəsmi Bakının razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik göstərməsini qəti şəkildə pisləyən diaspor təşkilatlarının rəhbərlərinin bəyanatlarında qeyd olunmuşdur ki, bu beynəlxalq hüququn norma və prinsipləri, diplomatik etiketin pozulması deməkdir və vəzifəsindən asılı olmayaraq heç bir dövlətin vətəndaşı ölkəmizin ərazi bütövlüyünə sayğısızlıq göstərməməli, ermənilərin işğal etdiyi Qarabağ ərazisinə Azərbaycandan başqa heç bir dövlətin ərazisindən gedilməməlidir. Çünki bu cür səfərlər Ermənistanın işğalçılıq siyasətinə dəstək vermək deməkdir.
Soydaşlarımız hesab edirlər ki, dövlətimizin suverenliyinə etinasızlıq nümayiş etdirən bu cür siyasətçilərin, ictimai-siyasi xadimlərin, o cümlədən ayrı-ayrı vaxtlarda Dağlıq Qarabağa müxtəlif tədbirlərdə iştirak etmək üçün gələn əcnəbi incəsənət ustalarının Azərbaycan Respublikasına girişi qadağan edilməlidir.
Diaspor təşkilatları müraciət etdikləri ünvanlardan bir daha bu cür halların yol verilməməsinə təkid edirlər.