SİYASƏT
Azərbaycan diasporu Maqdeburqda “Demokratiya yolları” adlı tədbirdə təmsil olunub
Bakı, 23 yanvar, AZƏRTAC
Almaniyanın Maqdeburq şəhərində “Demokratiya yolları” şüarı ilə ənənəvi aksiya keçirilib. Yerli bələdiyyənin təşkilatçılığı ilə keçirilən tədbirdə Maqdeburqda yaşayan müxtəlif xalqların cəmiyyətləri öz ölkələrinin mədəniyyətini, tarixini, coğrafiyasını nümayiş etdirən stendlər qurublar.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hər il olduğu kimi, bu dəfə də Azərbaycanı Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib. 20 Yanvar hadisələrinin ildönümü ilə eyni vaxta təsadüf edən aksiya zamanı Cəmiyyətin sədri Yaşar Niftəliyev və təşkilatın üzvləri Nadya Paskova, Fuad Ağayev, həmçinin Xocalı soyqırımına dair kitabın müəllifi Rolf Kuns yerli sakinlərə Azərbaycan, xüsusilə 20 Yanvar hadisələri, Xocalı faciəsi, Qarabağ müharibəsi barədə danışıblar.
Aksiya iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini, turizm imkanlarını əks etdirən kitablar, bukletlər hədiyyə edilib.