SİYASƏT
Azərbaycan diasporunun fəalları Ulyanovskda uşaq evinin sakinlərinə hədiyyələr təqdim ediblər
Moskva, 18 yanvar, AZƏRTAC
Ümumrusiya Azərbaycanlılar Konqresinin Ulyanovsk regional bölməsinin (ÜAK URB) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları hamiliyə götürdükləri “Qnyozdışko” (“Yuvacıq”) uşaq evinin sakinlərini Yeni il bayramı münasibətilə təbrik ediblər. Onlar həmişə olduğu kimi bu dəfə də uşaqların yanına əliboş gəlməyiblər. Uşaq evinin sakinlərinə futbol və voleybol topları, turist çadırları, yataq dəstləri, habelə çoxlu şərq şirniyyatı hədiyyə edilib.
ÜAK-ın Ulyanovsk regional bölməsindən AZƏRTAC-a bildirilib ki, əziz qonaqları lazımi səviyyədə qarşılamaq üçün uşaqlar öz tərbiyəçiləri ilə birlikdə akt zalına toplaşıblar və yaradıcılıq uğurlarını nümayiş etdirmək üçün hazırlıq görüblər.
Tədbiri açan ÜAK URB-nin sədri İslam Hüseynov bildirib ki, insanlar milliyyətindən, vəziyyətindən və digər zahiri cəhətlərdən asılı olmayaraq dostluq etməlidir. O deyib: “Azərbaycan diasporu uzun illərdir ki, “Qnyozdışko” uşaq evi ilə dostluq edir və bu dostluğu davam etdirəcək! Çox istəyirəm ki, bizim ünsiyyətimiz sizə istənilən millətdən olan insanlara hörmətlə yanaşmağı öyrətsin. Böyüyəndə bu keyfiyyət mütləq sizə gərək olacaq. Axı biz sizinlə bir çox xalqları birləşdirən Rusiyada yaşayırıq. Əgər biz dostluq etməyi öyrənsək, onda ölkəmiz və onun hər bir sakini güclü və firavan olacaq!”
İ.Hüseynov bildirib ki, Ulyanovskda bir neçə güclü milli diaspor, o cümlədən Azərbaycan diasporu fəaliyyət göstərir. “Diasporumuz on il ərzində bir çox işlər həyata keçirib: ÜAK URB üzvlərinin təşəbbüsü ilə Rusiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə ilk abidə ucaldılıb, Ulyanovsk 78 nömrəli orta məktəbə onun adı verilib, Heydər Əliyev Fondunun vəsaiti hesabına bu təhsil ocağı əsaslı surətdə təmir edilib. Burada müntəzəm olaraq mədəniyyət, idman, xeyriyyə aksiyaları keçirilir. Qubernator Sergey Morozov Azərbaycan diasporunu bütün işlərdə dəstəkləyir. Ümidvaram ki, siz böyüyəndə Azərbaycana gələcək və bu ölkənin nə qədər gözəl, xalqımızın necə qonaqpərvər və səmimi olduğunu yaxından görəcəksiniz”, - deyə İslam Hüseynov vurğulayıb .
Simbirsk-Ulyanovsk kazaklarının atamanı Andrey Kulikov qeyd edib ki, Azərbaycan diasporu Ulyanovsk vilayətində ən fəalı, səmimi və xeyirxahıdır. O deyib: “Biz çoxlu sayda tədbirlər keçiririk və hamıya məlumdur ki, əgər ÜAK iştirak edirsə, deməli hər şey çox yüksək səviyyədə olacaq”.
Balaca ev sahibləri rəqs edib və dostlar üçün mahnılar oxuyublar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva