REGİONLAR
Azərbaycan diasporunun formalaşdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Şamaxı, 29 dekabr, AZƏRTAC
Şamaxıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə İncəsənət Təhsili Mərkəzinin foyesində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Bayram tədbirini açan rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov iştirakçıları təbrik edib, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzünün, daxili çəkişmələrin yaratdığı problemlər, ölkəmizin düçar olduğu dərin böhran şəraitində yenidən hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev xalqı bir araya gətirmək, xaricdə Azərbaycan diasporunu formalaşdırmaq və təşkilatlandırmaq üçün fəal iş aparıb və məqsədinə nail olub. Bakıda dünya azərbaycanlılarının qurultayının çağırılması, 2007-ci ildə Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunun keçirilməsi mühüm hadisələrdir.
Vurğulanıb ki, bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynayır. Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
Tədbir İncəsənət Təhsili Mərkəzinin xalq çalğı alətləri orkestrinin, incəsənət ustalarının ifa etdikləri musiqi nömrələri və balacaların rəqsləri ilə davam etdirilib.