MƏDƏNİYYƏT
Azərbaycan diasporunun nümayəndələri Mədəniyyət Forumunda iştirak ediblər
Moskva, 21 mart, AZƏRTAC
Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) Rusiya Federasiyasının Çuvaşiya Respublikasında Milli mədəniyyətlərə dövlət dəstəyi məsələsi üzrə VI Mədəniyyət Forumunda təmsil olunub.
Forumun açılış mərasimində federal və regional icra hakimiyyəti orqanlarının, milli-mədəni birliklərin, mədəniyyət və təhsil müəssisələrinin nümayəndələri, yaradıcı kollektivlər, elm və incəsənət xadimləri iştirak ediblər.
ÜAK-ın Çuvaşiya regional bölməsinin sədri Əziz Bədirov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışaraq bildirib ki, regional bölmənin Çuvaşiya ərazisində fəaliyyət göstərdiyi illərdə xeyli iş görülüb: dahi Azərbaycan şairi Nizami Gəncəviyə abidə ucaldılıb, ətraf ərazi abadlaşdırılıb, uşaq meydançası tikilib. Çeboksarı rayonunun Kuqesi qəsəbəsindəki əqli inkişafdan geri qalmış uşaqlar üçün internat məktəbinə hər il yardım göstərilir. Təşkilatın təşəbbüsü ilə respublikada Novruz bayramı qeyd olunmağa başlayıb. Azərbaycanlı gənclər hər il veteranları Böyük Vətən müharibəsində Qələbə münasibətilə təbrik edirlər. ÜAK-ın regional bölməsinin məqsədi Azərbaycan ilə Çuvaşiya arasında ticari-iqtisadi, sosial-mədəni əlaqələri genişləndirmək, habelə miqrantların başqa mədəni mühitə uyğunlaşması proseslərinə kömək etməkdir.
Əziz Bədirov Ümumrusiya Azərbaycanlılar Konqresi adından Çuvaşiyanın qubernatoru Mixail İqnatyevə Heydər Əliyev Fondu tərəfindən Moskvada nəşr olunmuş “Heydər Əliyev: Ürəyimin bir parçası Rusiyadadır” fotoalbomunu təqdim edib.
Tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara təşəkkür edən ÜAK-ın icraçı direktorunun müavini Samir Məmmədov qeyd edib ki, Çuvaşiyada federal və regional səviyyəli milli proqramların həyata keçirilməsinə hər cür şərait yaradılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ 1986-cı ildə Çuvaşiyada işgüzar səfərdə olub və Çuvaşiya Respublikasının başçısı Mixail İqnatyevə ÜAK-ın Rəyasət Heyəti adından təşəkkürnamə təqdim edib.
Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin turizm və regional siyasət departamentinin direktoru Mixail İqnatyev, Mari El Respublikası Hökuməti sədrinin müavini Mixail Vasyutin çıxışlarında müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı inam və etimad mühitinin yaranmasının əhəmiyyətini qeyd ediblər. Onlar vurğulayıblar ki, bu, Rusiyanın hər bir regionunun uğurlu inkişafı üçün vacib olan mühüm şərtdir, çünki yalnız sosial sabitlik şəraitində irəliyə getmək olar.
Forumun açılışı çərçivəsində “Milli azlıqların mədəni ənənələrinin qorunub saxlanılması və inkişafı” mövzusunda ümumrusiya elmi-praktiki konfransı keçirilib.
Konfransın sonunda forumun iştirakçılarına dünya xalqlarının mətbəx nümunələrini dequstasiya etmək imkanı yaradılıb. Qonaqlar Çeboksarı şəhərinin Qızıl meydanında təşkil edilən “Tusla semyere” Milli Mətbəx Festivalında da olublar. Azərbaycan, çuvaş, rus, tatar, gürcü, özbək və mordva xalqlarının nümayəndələri iştirakçıları milli mətbəxlərinin yeməklərinə qonaq ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva