SİYASƏT
Azərbaycan diasporunun nümayəndələri Moskvaya uşaq bağçası hədiyyə etmişlər
Moskva, 24 dekabr (AZƏRTAC). Moskvada Azərbaycan sahibkarları tərəfindən “SET Schools beynəlxalq təhsil mərkəzi” layihəsi çərçivəsində inşa edilmiş uşaq bağçasının təntənəli açılış mərasimi olmuşdur. Yetmişdən çox uşaq üçün nəzərdə tutulmuş bu bağçada təlim Azərbaycan, rus və ingilis dillərində aparılacaqdır. Açılış mərasimi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmişdir. Layihə Azərbaycan diasporunun nümayəndələri, Moskvada Azərbaycanlıların Mədəniyyət və Həmrəylik Mərkəzinin üzvləri tərəfindən həyata keçirilmişdir.
Uşaq bağçasının icraçı direktoru Yelena Kanareykina təntənəli mərasimi açaraq, bir çox ailənin ehtiyac duyduğu məktəbəqədər müəssisənin yaradılmasına görə Azərbaycan səfirliyinə və sahibkarlarına minnətdarlığını bildirmişdir. O, həmçinin mərasimdə iştirak etdiyinə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya təşəkkür etmişdir.
Polad Bülbüloğlu demişdir ki, Azərbaycan diasporunun nümayəndələri tərəfindən yeni uşaq bağçasının açılması çox əhəmiyyətli hadisədir, ölkəmizin və azərbaycanlıların imicini daha yüksək pilləyə qaldırır. Layihənin təşəbbüsünün və realizə edilməsinin özü hər cür təşviqə və dəstəyə layiqdir. Üstəlik, həmvətənlərimiz üçün yaxşı örnəkdir. Rusiyalı və azərbaycanlı uşaqlar üçün uşaq bağçasının Azərbaycan Prezidenti İlham Əliyevin ad günündə açıldığını vurğulayan səfir azərbaycanlılar adından dövlətimizin başçısına cansağlığı və xoşbəxtlik arzulamışdır.
ÜAK-ın baş katibi Mikayıl Hüseynov əlavə etmişdir ki, Ümumrusiya Azərbaycan Konqresi həmvətənlərimizin təhsil və humanitar layihələrin icrasına yönəlmiş təşəbbüslərini dəstəkləyir. ÜAK həmvətənlərimizi Rusiya cəmiyyətinin ictimai və sosial həyatında iştirak etməyə həvəsləndirir.
Uşaq bağçasının baş direktoru Elxan Bənnayev və təsisçilərindən biri İlqar Həmidov çıxışlarında beynəlmiləl xarakter daşıyan, uşaqları tolerantlıq və başqa mədəniyyətlərə hörmət ruhunda tərbiyə edən və ölkəmizin imicinə müsbət təsir göstərəcək uşaq bağçasının yaradılması ideyasından danışmışlar. İlqar Həmidov demişdir: “Bir il əvvəl biz yeni konseptual təhsil mərkəzi açmaq qərarına gəldik və hesab edirik ki, bu layihənin icrası biznesin Rusiya cəmiyyətinə töhfəsidir”.
Sonra Heydər Əliyev Fondunun RF nümayəndəliyinin əməkdaşı Ayan Həsənova Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təbrik məktubunu oxumuşdur. Məktubda təhsil mərkəzinin yaradıcılarına dəstək sözləri ifadə olunur, Azərbaycanda məktəbəqədər təhsilin inkişafına göstərilən böyük diqqətin əhəmiyyəti vurğulanır. Leyla Əliyevanın adından uşaq bağçasına Yeni il hədiyyələri, oyuncaqlar və uşaq kitabları təqdim olunmuşdur.
Sonra uşaqlar musiqi kompozisiyaları ilə çıxış etmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva