CƏMİYYƏT
Azərbaycan diasporunun rəhbəri: Veteranların xatirəsini gənc nəsil üçün qoruyub saxlamaq zəruridir
Bakı, 8 dekabr, AZƏRTAC
Tatarıstan Respublikasının veteranları (əlilləri) ictimai təşkilatının “Tatarıstan Respublikasının Veteranlar İttifaqı” komitəsinin sədri general-mayor Aleksandr Borodinin dəvəti ilə Tatarıstan Veteranlar İttifaqında Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk rayonu azərbaycanlılarının “Birlik” milli-mədəni muxtariyyətinin sədri Ramiz Məmmədov və “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov ilə görüş olub.
“Tatarıstan” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, general-mayor Aleksandr Borodin ona hədiyyə edilmiş “Faşizm üzərində Qələbəyə Azərbaycanın töhfəsi” adlı nadir kitaba görə təşəkkürünü bildirib.
Görüşdə veteranların, o cümlədən Böyük Vətən müharibəsində Qələbəyə sanballı töhfələr vermiş qəhrəman azərbaycanlıların tarixi xatirəsinin qorunub saxlanması üzrə bundan sonrakı əməkdaşlıq məsələləri müzakirə edilib.
Ramiz Məmmədov qeyd edib ki, Veteranların xatirəsini gənc nəsil üçün qoruyub saxlamaq zəruridir.
Görüşdə Leninoqorsk rayonunun Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov Azərbaycandan gətirilmiş xatirə hədiyyəsini – üzərində general-mayor Aleksandr Borodinin və Tatarıstan Respublikasının veteranları (əlilləri) ictimai təşkilatının “Tatarıstan Respublikasının Veteranlar İttifaqı” komitəsinin sədr müavini Aleksandr Polyakovun təsvir edildiyi xalçanı və “Birlik” ictimai təşkilatının yubileyi münasibətilə hazırlanmış hədiyyə albomunu təqdim edib.
Aleksandr Polyakov Veteranlar Muzeyindən olan eksponatları qonaqlar üçün nümayiş etdirib və onları kitabxana ilə tanış edib.