ELM VƏ TƏHSİL


Azərbaycan dili dərsliklərinin məzmunu ilə bağlı müzakirələr aparılıb

Bakı, 25 yanvar, AZƏRTAC

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Müasir Azərbaycan dili dərslikləri və yenilənən orfoqrafiya qaydalarının dərsliklərə təsiri” mövzusunda Azərbaycan dili müəllimləri ilə görüş keçirib.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib.

Yeni nəsil Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılov dərsliklərinin hazırlanma prosesi, ibtidai təhsil səviyyəsində istifadə olunan Azərbaycan dili dərsliklərinin məzmun və struktur fərqləri, dilin tədrisində yeni konseptual yanaşmalar haqqında geniş məlumat verib. O, yeniliklərdən biri kimi ibtidai sinif səviyyəsi üzrə yeni dərsliklərdə şagirdlərin söz ehtiyatının artırılmasına sistemli yanaşıldığını və ibtidai təhsildə şagirdlərə 160 akademik sözün öyrədilməsinin nəzərdə tutulduğunu qeyd edib. R.İsmayılov bildirib ki, akademik söz ehtiyatı təkcə dil qaydaları üzrə deyil, oxuyub-anlama və yazı məzmun xəttini də əhatə edir.

Yeni nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin rəyçisi, Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədova isə lüğətdəki yeni yanaşmalar və müzakirə olunan mübahisəli məqamlara aydınlıq gətirib.

Görüşdə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin şöbə müdiri Elxan Nəcəfov, dərslik müəllifləri Aynur Rüstəmova, Aysel Xanalıyeva, həmçinin ümumtəhsil müəssisələrində Azərbaycan dili fənnini tədris edən müəllimlər iştirak ediblər.

Qeyd edək ki, görüşdə müəllimlərin dərsliklərin məzmunu ilə bağlı irad və təklifləri dinlənilib, orfoqrafiya lüğətlərində aparılan intensiv dəyişikliklərin dərsliklərin məzmununa mənfi təsir göstərməsi məsələsi müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.