ELM VƏ TƏHSİL
“Azərbaycan dili dialekt və şivələrinin xalq təbabəti leksikası” monoqrafiyası çapdan çıxıb
Bakı, 16 may, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın Azərbaycan və ingilis dillərində “Azərbaycan dili dialekt və şivələrinin xalq təbabəti leksikası” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya Azərbaycan dilinin xalq təbabəti leksikasının diaxronik-dialektoloji tədqiqinə həsr olunub. Kitab “Ön söz”, mövzuya dair elmi-tədqiqat, 2300-dən çox sözlük, istifadə olunmuş ədəbiyyat, informatorların siyahısı, əlavələr və s. ibarətdir.
“Ön söz”də Azərbaycan dilinin etnotəbabət leksikası məsələlərinə müfəssəl nəzər salınıb, mövzunun aktuallığı əsaslandırılıb. Sözlük hissəsində Azərbaycan dilinin xalq təbabəti leksikasının izahlı-ikidilli lüğətində sözlərin aid olduğu nitq hissəsi, Azərbaycan ədəbi dilində və ingilis dilindəki qarşılığı verilib.
Vəsaitin ingilis dilinə tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru Vəfa Abdullayeva-Nəbiyeva, elmi-tibbi məsləhətçisi həkim-terapevt Şahin Məmmədovdur.
Monoqrafiya dilçi-filoloqlar, tarixçi-etnoqraflar, həmçinin geniş oxucu kütləsi üçün maraqlı elmi və təcrübi faktlarla zəngindir.