ELM VƏ TƏHSİL
Azərbaycan dili fənni üzrə imtahan respublikanın 5 şəhərində təşkil olunub
Bakı, 24 iyun, AZƏRTAC
Bu gün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan keçirilir. İmtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində, ümumilikdə 12 binada aparılır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb. İmtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edirlər:
1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları;
2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;
3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.
İmtahanda, ümumilikdə 2432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirak nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.