ELM VƏ TƏHSİL
Azərbaycan dili fənni üzrə imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb
Bakı, 11 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da Bakı və Naxçıvan şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən rus bölməsi abituriyentləri üçün ikinci dəfə Azərbaycan dili fənni üzrə imtahan keçirib. Bu imtahanda aprelin 22-də keçirilən ilk imtahandan qeyri-məqbul qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən, elecə də elektron ərizəsini aprelin 11-dən 30-dək təsdiqləyən abituriyentlər iştirak ediblər.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, imtahanın nəticələri iyunun 11-də DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1359 abituriyentdən 235-i imtahana gəlməyib.
İmtahanda iştirak edən 1124 abituriyentdən (IX sinif üzrə 233, XI sinif üzrə 891) 671-i (IX sinif üzrə 123, XI sinif üzrə 548) tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Abituriyentlərə Azərbaycan dili fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Qeyd edək ki, Azərbaycan dili imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Abituriyentlər Apellyasiya Komissiyasına iyunun 11-dən 13-dək saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.