CƏMİYYƏT


Azərbaycan dili məktəbinin növbəti dərsi Oslodakı muzeydə baş tutub

Bakı, 9 dekabr, AZƏRTAC

Norveçdə fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və mədəniyyəti məktəbi növbəti dərsi Osloda yerləşən Beynəlxalq Uşaq İncəsənəti Muzeyində keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Ana dilini fərqli mədəni məkanda tədris etməkdə məqsəd şagirdlərin diqqətini dünyadakı yaşıdlarını düşündürən mövzulara cəlb etmək və bu barədə onların fikirlərini öyrənmək olub.

Dərsdən əvvəl məktəbin şagirdləri dünyanın müxtəlif ölkələrindən olan yaşıdlarının muzeydə sərgilənən rənglər dünyası və eksponatlarla tanış olublar.

Muzey rəhbərliyi şagirdlərə bildirib ki, bu mədəniyyət ocağında dünya uşaqları arasında müxtəlif mövzular üzrə elektron rəsm müsabiqələri keçirilir və Azərbaycandan olan uşaqlar bu müsabiqələrdə çox fəal iştirak edirlər. Şagirdlərə muzey tərəfindən çap edilmiş kitabda Azərbaycandan olan uşaqların rəsm əsərləri nümayiş etdirilib və hər bir rəsmin mahiyyəti izah olunub.

Sonra Ana dili dərsində Azərbaycanın görkəmli ədibi, milli uşaq ədəbiyyatının banilərindən biri olan Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında məlumat verilib. Şairin yaradıcılığı barəsində fikir mübadiləsi aparılıb və şeirlər səsləndirilib.

Dərsdən sonra şagirdlər muzeyin emalatxanasında sevdikləri nağıl qəhrəmanları və Yeni illə bağlı açıqçalar, fiqurlar hazırlayıblar və rəsmlər çəkiblər.

Qeyd edək ki, 1996-cı ildə Norveçə rəsmi səfəri çərçivəsində görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Beynəlxalq Uşaq İncəsənəti Muzeyini ziyarət edib və milli geyimli Azərbaycan gəlinciklərini (kuklalarını) muzeyə hədiyyə edib.

Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin nümayəndələri bu faktı muzey rəhbərliyinə xatırladıblar. Bildiriblər ki, yaxın gələcəkdə milli geyimli yeni Azərbaycan gəlinciklərini muzeyə bəxş edəcəklər. Rəhbərlik bu hədiyyələrin muzeyin ən gözəl guşəsində sərgilənəcəyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.