ELM VƏ TƏHSİL
Azərbaycan dili və ədəbiyyatı üzrə imtahanlarda 3 min 520 namizəd biliyini sınayacaq
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 24-də müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat, informatika və təsviri incəsənət üzrə keçirilmiş test imtahanlarında 2 min 883 nəfər iştirak edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, namizədlər arasında ən yüksək nəticə riyaziyyat üzrə 56, informatika və təsviri incəsənət üzrə 55 bal qeydə alınıb.
İyulun 25-də başlanan Azərbaycan dili və ədəbiyyatı üzrə test imtahanlarında 3 min 520 namizədin iştirakı nəzərdə tutulur. Bu fənn üzrə imtahanlar iyulun 26-dək davam edəcək.
Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq.
Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.