ELM VƏ TƏHSİL


Azərbaycan dilində dialektometriya sahəsində mövcud problemlər müzakirə olunub

Azərbaycan dilində dialektometriya sahəsində mövcud problemlər müzakirə olunub

Bakı, 11 mart, AZƏRTAC

Müasir dövrdə texnologiyaların və kütləvi informasiya vasitələrinin sürətli inkişafı yerli dillərə və dialektlərə böyük təsir göstərərək onları məhv olmaq təhlükəsi qarşısında qoyur. Bu baxımdan dialektoloji tədqiqatlar aparmaq, dil növləri və variasiyalarını qeyd etməklə, yerli dillərin və dialektlərin qorunmasına kömək etmək son dərəcə vacibdir.

AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Əfruz Qurbanova növbəti elmi seminarda “Dialektometriya və Azərbaycan dili: problemlər, həlli yolları və perspektivlər” mövzusuna dair aparılan müzakirələr zamanı bildirib. O, dialektlərin dilimizin ən qədim xüsusiyyətlərini qoruyub saxlamaq qabiliyyətinə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, dialekt müəyyən ərazi, icma və ya qrup üçün xarakterik, əksər hallarda lüğət, üslub, orfoqrafiya və tələffüzdə nisbətən kiçik fərqlərə malik olan dildir. Dialektologiya dilçiliyin bir qolu olub, dilin istifadəsi və səslənməsinin coğrafi əsaslı xüsusiyyətlərini öyrənən elmdir.

Məruzəçi Azərbaycan dilinin dialekt və şivələrinin coğrafi ərazi prinsipi üzrə bölgüsü, dialektlərin öyrənilməsində istifadə olunan təsviri və birbaşa müşahidə üsulları, dialektlərin ən böyük tədqiq sahələri – dialekt leksikoqrafiyası və linqvistik coğrafiya, dilin dialektlərinin linqvocoğrafi üsulla sistemli şəkildə öyrənilməsi tarixi və dialekt xəritələri toplusu olan dialektoloji atlaslar barədə məlumat verib.

Ə.Qurbanova “Azərbaycan dilinin dialektoloji atlası”nın məlumatlarının verilənlər bazasına daxil edilməsinin zəruriliyini vurğulayıb. Bunun atlasda olan məlumatları çoxsaylı istifadəçilər üçün əlçatan edəcəyini, məlumatın operativ axtarışına imkan verəcəyini söyləyib.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, məruzəçi çoxsaylı sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.