ELM VƏ TƏHSİL


“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” zəngin materiallar əsasında hazırlanır

Bakı, 16 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3.5. bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nı hazırlayır.

Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, yanvarın 16-da elmi müəssisənin Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində yerləşən Zəngilan Rayon İcra Hakimiyyətində olublar.

Dilçi alimlər Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovla görüşüblər. Söhbət zamanı R.Həsənov Zəngilan, onun tarixi, yaşayış məskənləri, etnoqrafiyası barədə geniş məlumat verib və dilçi alimlərə uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva bildirib ki, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” Azərbaycan, rus və ingilis dillərində çap olunacaq.

Şöbə müdiri vurğulayıb ki, dialektoloji atlas dialekt faktlarını təkcə fonetik deyil, həm də leksik və qrammatik baxımdan əks etdirəcək. “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması dünyaya sübut edəcək ki, bu ərazidə yaşayan azərbaycanlılar öz dialektini yaradıblar və inkişaf etdiriblər. Ən önəmli cəhətlərdən biri də ondan ibarətdir ki, atlasda bu bölgənin dialekti tam şəkildə ifadə olunur.

Qeyd edək ki, ekspedisiya zamanı dialektoloq alimlər Zəngilan rayonundan olan məcburi köçkünlərdən (əsasən yaşlı nəslin nümayəndələrindən) dialektoloji material toplayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.