ELM VƏ TƏHSİL


“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” çapdan çıxıb

Bakı, 1 oktyabr, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dörd dildə (Azərbaycan, türk, rus, ingilis dillərində) tərtib olunmuş “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nda Qarabağ dialektini və Şərqi Zəngəzur şivələrini əhatə edən minə yaxın yaşayış məntəqəsinin 692-si kodlaşdırılıb. “Atlas”da 278 xəritə, hər xəritə üçün yazılmış xüsusi şərh, atlasın tərtibində istifadə olunmuş proqram, tədqiq edilmiş yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunmuş informatorların siyahısı, informatorların səsi yazılmış kompakt disk yer alıb. Bununla yanaşı, ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilmiş, həmçinin Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibəsini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini və onun rəhbərliyi ilə qazanılmış tarixi Zəfəri əks etdirən şəkillər əksini tapıb.

“Atlas”da izoqlos yaradan dialekt xüsusiyyətlər şərti işarələrlə verilib və onların yayılma arealı müəyyənləşdirilib.

Dialektoloji atlasın məsul redaktoru Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, dialektoloji atlas qrupunun rəhbəri dosent Kifayət İmamquliyevadır.

Atlasın rəyçisi dosent Baba Məhərrəmlidir. Redaksiya heyətinə akademiklər İsa Həbibbəyli, Möhsün Nağısoylu, Teymur Kərimli, Nizami Cəfərov, professorlar Nadir Məmmədli, Qəzənfər Kazımov və Kərim Şükürov daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.