ELM VƏ TƏHSİL


“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimatı olub

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Bakı Ekspo Mərkəzində AMEA Nəsimi adına Dilçilik İnstitutunun dialektologiya şöbəsi əməkdaşlarının hazırladıqları “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimatı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın vitse -prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tapşırıq və tövsiyələrini, sərəncamlarını xatırladıb. Dövlətimizin başçısının Azərbaycan dili ilə bağlı verdiyi sərəncamlara uyğun olaraq AMEA-nın ayrı-ayrı institut və təşkilatlarında ana dilimizin qorunması istiqamətində görülən işləri diqqətə çatdıran İ.Həbibbəyli bildirib ki, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” da bunlardan biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında azad olunmuş torpaqlara Böyük Qayıdış başlayıb. Kitabın adının “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” adlandırılması Böyük Qayıdışa töhfədir. Atlas müstəqillik dövrü Azərbaycan dilçiliyinin səviyyəsini göstərən ən qiymətli əsərdir. Bu atlas zəngin tarixi köklərimizin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli bildirib ki, atlasda 278 xəritə, hər xəritə üçün yazılmış xüsusi şərh, atlasın tərtibində istifadə olunmuş proqram, tədqiq edilmiş yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunmuş informatorların siyahısı, informatorların səsi yazılmış kompakt disk yer alıb. Bununla yanaşı, ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilmiş, həmçinin Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibəsini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini və onun rəhbərliyi ilə qazanılmış tarixi Zəfəri əks etdirən şəkillər əksini tapıb.

Atlas xəritələrində öz əksini tapmış dil faktları, səciyyəvi dialektoloji xüsusiyyətlər regionun qədim türk yurdu olmasının danılmaz sübutudur.

Nadir Məmmədli vurğulayıb ki, nəşr yalnız dilçilər üçün deyil, coğrafiya, tarix, etnoqrafiya, kulinariya və digər sahələrin mütəxəssisləri üçün də dəyərlidir.

Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri Kifayət İmamquliyevanın atlasla bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, atlasın müəllif və tərtibçiləri Qarabağ və Şərqi Zəngəzur dialekt və şivələrini fonetik, qrammatik və leksik səviyyədə tədqiq ediblər.

Uzunmüddətli elmi axtarışlar nəticəsində ərsəyə gələn, dünya dilçiliyində, dialektoloji atlasların hazırlanması tarixində mühüm və əhəmiyyətli hadisə olan, dünya ictimaiyyətinə dörd (Azərbaycan, türk, rus, ingilis) təqdim olunan “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” Azərbaycan həqiqətlərinin bəyanıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.