ELM VƏ TƏHSİL
Azərbaycan dilinin ifaçılıq sənətində qorunması və düzgün tətbiqi məsələsi müzakirə olunub
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Mahnı janrı və Azərbaycan dili” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Monitorinq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbir ifaçılıq sənətində, xüsusilə mahnı janrında Azərbaycan dilinin praktik vəziyyəti və düzgün tətbiqi, mövcud problemlərin həlli ilə bağlı məsələlərin müzakirəsinə həsr edilib. Tədbiri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq Azərbaycan musiqi sənətinin ayrılmaz hissəsi olan mahnı janrının xalqımızın mənəvi-estetik zövqünün formalaşmasında mühüm rol oynadığını, ana dilinin şirinlik və həzinliyini, gözəllik və zənginliyini ifadə etmək baxımından da geniş imkanlara malik olduğunu söyləyib. Qeyd edib ki, bəstəkarlıq məktəbimizin bir çox tanınmış simaları mahnı janrının inkişafında böyük rol oynayaraq Azərbaycan musiqi mədəniyyətinə dəyərli töhfələr verib, mövzu və məzmun müxtəlifliyi, musiqi və poetik dilin aydınlığı, rəngarəngliyi ilə seçilən ölməz əsərlər yaradıblar. Sevinc Əliyeva bildirib ki, Azərbaycan dilinin ifaçılıq sənətində, xüsusən mahnı janrında qorunması və düzgün tətbiqi, ədəbi dil normalarına riayət olunması olduqca zəruridir. O, son zamanlar teleradio məkanında bayağı musiqisi, bəsit mövzusu olan, məzmunsuz mahnılara geniş yer verildiyini təəssüflə qeyd edib.
Mahnının yaranmasında söz, musiqi və ifanın vəhdətini mühüm amil kimi dəyərləndirən mərkəzin baş mütəxəssisi Aygün Qurbanova bu sahədə ciddi problemlərin olduğunu bildirib. O, hazırda mahnıların böyük əksəriyyətinin peşəkar bəstəkarlar tərəfindən deyil, həvəskar bəstəçi və aranjemançılar tərəfindən hazırlandığını qeyd edib, mahnı mətnlərinin də çox vaxt elə bəstəçi tərəfindən musiqinin ritminə uyğun olaraq, ədəbi janrın tələblərinə məhəl qoyulmadan yazıldığını bildirib. A.Qurbanova ifaçıların nitqində dilimizə yad intonasiyaların mövcudluğunu, eləcə də vokal sənətinin digər dillərin fonetikası üzərində qurulmasını ciddi norma pozuntusu kimi dəyərləndirib. İfaçıların nitqində bu kimi qüsurların müəyyənləşdirilməsi məqsədilə monitorinqə başlanıldığı da diqqətə çatdırılıb.
Tədbirdə professor Tərlan Quliyev, Əməkdar artist Aybəniz Haşımova, gənc şair Firdovsi Rəsul, aranjemançı Əvəz Muradov və Monitorinq Mərkəzinin əməkdaşları iştirak ediblər.
Çıxış edən qonaqlar musiqi janrında söz və musiqinin vəhdəti, ifa zamanı orfoepiya normalarına riayət olunması, sözlərin düzgün vurğu ilə tələffüz edilməsi və s. məsələləri müzakirə edib, müəyyən söz yığınından ibarət mətnlərə bəstələnmiş bayağı mahnıların zəngin musiqi mədəniyyəti olan xalqımıza məxsus mənəvi dəyərlərə xələl gətirdiyini bildiriblər.