ELM VƏ TƏHSİL


Azərbaycan dilinin ölkəmizin dövlət dili elan edilməsində Ümummilli Liderin əvəzsiz xidmətləri olub

Bakı, 24 avqust, AZƏRTAC

Avqustun 24-də Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) “Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda “məlumat saatı” keçirilib. Bu barədə AZƏRTAC-a RİH-dən məlumat verilib.

Tədbirdə RİH-in başçısının müavini Aygün Əliyeva “məlumat saatı”nın proqramı haqqında danışaraq mövzunun aktuallığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev təmsil etdiyi qurumun və RİH-in birgə təşkilatçılığı ilə keçirilən “məlumat saatı”nın əhəmiyyətini vurğulayıb. Bildirilib ki, layihə çərçivəsində müxtəlif aktual mövzularda tədbirlər davamlı olacaq.

“Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu diqqətə çatdırıb ki, hər bir xalqın mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik, min illərin burulğanlarından çıxaraq müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətimizdir.

Azərbaycan dilinin ölkəmizin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər dövlət dili sahəsindəki fəaliyyətinə Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlayıb. Müstəqilliyimizin ilk ilində latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ulu öndər Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanılıb. Məhz bundan sonra respublikamızda bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılıb.

M.Nağısoylu bildirib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda tədbir müzakirələrlə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.