CƏMİYYƏT


“Azərbaycan dilinin qrammatikası” kitabı ərəb dilində nəşr olunub

Bakı, 28 yanvar, AZƏRTAC

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin Qahirədə yerləşən mərkəzində ərəb dilində hazırlanmış “Azərbaycan dilinin qrammatikası” kitabının təqdimat mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov iki dil arasındakı əlaqələrdən, doğma dilimizdə bir çox ərəb mənşəli sözlərin olmasından, kitabın əhəmiyyətindən və xalqlarımızın münasibətlərinin əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisinin rolundan danışıb.

Misirli müəllif İsra Adil Mahmud ərsəyə gətirdiyi “Azərbaycan dilinin qrammatikası” kitabı haqqında geniş məlumat verib. Qeyd edib ki, Misirdə ilk dəfədir dərc olunan ikihissəli kitabda dilimizin qrammatikası ərəbcə sadə şəkildə izah olunub, eləcə də ölkəmizin böyük şəhərləri və tanınmış şəxsləri haqqında məlumatlar verilib.

Müəllif ona Azərbaycan dilini öyrədən diaspor mərkəzinin müəllimlərinə minnətdarlığını bildirib və gələcəkdə bu sahədə araşdırmalarını davam etdirəcəyini vurğulayıb.

Azərbaycan dilinin yayılmasında göstərdiyi səylərə görə İsra Adil Mahmud Azərbaycan diasporu tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Qahirə Universitetinin Ədəbiyyat fakültəsində ilk dəfə Azərbaycan dili dərsi alandan sonra İsra Adil Mahmud diaspor mərkəzində doğma dilimizi öyrənməyə davam edir. Hazırda dünyanın 27 ölkəsindən Misirin müxtəlif universitetlərində təhsil alan 300-dən çox tələbə diaspor mərkəzində müxtəlif fənlər, o cümlədən Azərbaycan dili üzrə ödənişsiz təhsil alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.