SİYASƏT
Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı Kiyevdə qeyd edilib
Kiyev, 10 iyul, AZƏRTAC
Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə ölkəmizin Ukraynadakı səfirliyinin kollektivi Kiyevdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə güllər düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər.
AZƏRTAC xəbər verir ki, sonra səfirlikdə kollektivlə görüş keçirən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra qısa müddətdə milli mənafelərə xidmət edən xarici siyasət kursunu müəyyən edərək həyata keçirməyə başladı. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu dövlət qurdu. Səfir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ulu Öndərin geniş və çoxşaxəli fəaliyyətinin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınması təşkil edib. Bu gün də xarici siyasətimiz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səfir Azərbaycanın milli maraqlarının ikitərəfli və çoxtərəfli müstəvilərdə bundan sonra da fəal şəkildə qorunacağına əminliyini bildirib.
Daha sonra Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar səfirliyə gələrək diplomatlara təbrikini çatdırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev