CƏMİYYƏT


Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb VİDEO

Nur-Sultan,19 oktyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi və 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə xiyabanın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə baş tutan tədbirdə şəhərin iqliminə uyğun ağaclar əkilib. Səfir Rəşad Məmmədov bildirib ki, məqsəd Azərbaycanın müstəqillik gününü və diplomatik xidmətin 100 illiyini qeyd etməklə yanaşı, bu yolla təbiətə töhfə vermək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına, ekoloji təhlükəsizliyə yönəltməkdir.

Bu gün Azərbaycanın Qazaxıstan ilə sabit diplomatik münasibətləri olduğunu söyləyən səfir hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir sıra məsələlərdə vahid mövqedən çıxış etdiyini deyib. Qeyd edib ki, ölkələrimiz ardıcıl və ən yüksək səviyyədə türkdilli dövlətlərin inteqrasiyasına maraqlarını nümayiş etdirirlər. Bu günlərdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşündə bütün türk dünyası üçün vacib qərarlar qəbul edilib.

Tədbirdə iştirak edən Qazaxıstan Xarici İşlər Nazirliyinin və Nur-Sultan şəhər administrasiyasının rəsmiləri bu aksiya ilə xoş bir ənənənin əsasının qoyulduğunu və Azərbaycanın xeyirxah təşəbbüsünə dəstək göstərdiklərini ifadə ediblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.