SİYASƏT
Azərbaycan diplomatiya sahəsində qazandığı daha bir üstünlüklə danışıqların məcrasını istədiyi istiqamətə yönəltdi
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş Qarabağ bölgəsində hərbi əməliyyatlar Azərbaycanın tam qələbəsi ilə başa çatdıqdan sonra qalib ölkənin tarixi Zəfərinin möhkəmləndirilməsi üçün növbəti mərhələ oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP İcra Katibliyinin Gənclərlə iş qrupunun rəhbəri Elmar Məmmədov söyləyib.
E.Məmmədov bildirib ki, Moskva görüşünün nəticəsi olaraq imzalanan bəyanatda bundan sonra atılacaq addımların məhz 10 noyabr bəyanatına əsaslandığı dəfələrlə qeyd edilir. Müzakirələrin əsas mövzusu 10 noyabr bəyanatının 9-cu bəndində nəzərdə tutulan nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpası ilə bağlı idi. Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlanması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Nəticədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası, həmçinin Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq. Yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran marşrutları üzrə nəqliyyat dəhlizlərinin işə salınacağı barədə Azərbaycan və Rusiya rəhbərlərinin verdiyi açıqlamalar onu göstərir ki, danışıqlarda mövqe üstünlüyü birmənalı olaraq Azərbaycanın tərəfində olub. Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələbləri regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyə xidmət edir.
Eyni zamanda, Moskva görüşü zamanı, eləcə də imzalanmış bəyanatda bircə dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi. Bu da o deməkdir ki, artıq bu ifadə keçmişdə qalıb, tarixə qovuşub. Rusiya kimi, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Bu isə bir daha Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatiya arenasında da, müzakirələrdə də qalibiyyəti güzəştə getmək niyyətinin olmayacağını göstərir. Azərbaycan diplomatiya sahəsində daha bir üstünlük qazandı və danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi.
Qrup rəhbəri diqqətə çatdırıb ki, Prezident İlham Əliyev nəyi nə zaman və necə etmək lazım olduğunu çox yaxşı bilir. Bununla da Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail oldu. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupun yaradılması da bunu təsdiqləyir. Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.
Bütövlükdə, noyabrın 10-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Qazandığı şanlı Qələbə diplomatik müstəvidə də davam etdirilir. Azərbaycan xalqı 30 ilə yaxın idi Dağlıq Qarabağın və ətraf 7 rayonun həsrəti ilə yaşayırdı. Şuşa, Xankəndi əlçatmaz arzu, xəyal kimi qalırdı. Amma 44 günlük hərbi əməliyyatlar və bəyanatın imzalanması ilə Müzəffər Ali Baş Komandanımız, Ordumuz xalqımızın xəyallarını və arzularını reallığa çevirdi, düşməni torpaqlarımızdan qovdu.