İQTİSADİYYAT
Azərbaycan domenində saytların sayı 18 faiz artıb
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycanın milli “.az” domen zonasında 29 minə yaxın internet-resurs qeydiyyatdan keçib. 2017-ci ilin yekunlarına əsasən, “.az” domen zonasında internet saytlarının qeydiyyatı ilin əvvəli ilə müqayisədə 18 faiz artıb.
AZƏRTAC xəbər verir ki, “WHOIS” resursunun məlumatına görə, qeydiyyata alınmış ümumi internet-resurslardan 27 104-ü birinci səviyyəli domen zonasında qeydiyyatdan keçib. Bu rəqəm ilin əvvəli ilə müqayisədə 18,6 faiz artıb.
İkinci səviyyəli domen zonası “.com.az” domenində 1098 sayt (6,3 faiz artım) qeydiyyata alınıb. Populyarlığına görə, üçüncü yerdə “.edu.az” domeni qərarlaşıb. 2017-ci ildə bu domendə 321 sayt qeydiyyatdan keçib və 31 faiz artım qeydə alınıb.
Qeyd edək ki, “.az” milli domen zonası 1993-cü ildən fəaliyyətə başlayıb.