ELM VƏ TƏHSİL
“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsi barədə müzakirələr aparılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Dövlət İmtahan Mərkəzində (DİM) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə ötən ilin noyabrından etibarən DİM tərəfindən Litva Dövlət Katibliyi, Litva Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi ilə birgə həyata keçirilir. Layihə dövlət qulluğu vəzifələrinin funksiyalarının məzmununa görə sahələr üzrə qruplaşdırılmasını, həmçinin yeni qruplaşdırma sisteminin dövlət qulluğuna qəbulda, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində və onların əməyinin ödənilməsində tətbiqinə dair təkliflərin verilməsini nəzərdə tutur.
Tədbirin keçirilməsində məqsəd layihənin dövlət qulluğu vəzifələrinin məzmununa görə sahələr üzrə qruplaşdırılması ilə bağlı birinci komponenti çərçivəsində görülmüş işlər barədə ictimaiyyəti məlumatlandırmaq və dövlət orqanlarının nümayəndələri ilə əldə edilmiş nəticələr barədə birgə müzakirələr aparmaqdır. Layihənin birinci komponentinin həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu təşəbbüs çərçivəsində pilot orqan kimi seçilib.
Vurğulanıb ki, pilot layihə uğurla tamamlanıb və arzuolunan nəticələr əldə edilib. Pilot institutlardan insan resursları üzrə mütəxəssislərin fəal iştirakları pilot layihənin uğurla həyata keçirilməsində önəmi xüsusi olub. Pilot layihənin nəticəsi olaraq dövlət qulluğu haqqında qanunvericiliyə müvafiq dəyişikliklərin layihəsi işlənib hazırlanıb.
Sonra həmin dəyişikliklər barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə, həmçinin litvalı ekspertlər və pilot qurumların nümayəndələri tərəfindən pilot layihənin yekunlarına dair təqdimatlar edilib, həmin pilot orqanların nümayəndələri bu təşəbbüsün həyata keçirilməsi zamanı qarşılaşdıqları çətinliklər barədə iştirakçılara məlumat veriblər.
Sonda tədbir iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.
Tədbirə DİM-in Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının insan resurslarının idarə edilməsi üzrə bölmələrinin nümayəndələri, Litvadan olan ekspertlər, Rezident Tvinninq Müşaviri və Tvinninq layihəsinin işçiləri qatılıblar.