CƏMİYYƏT


Azərbaycan dövlətçiliyinin 100 illiyinə həsr olunan “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi başa çatıb

Bakı, 27 iyul, AZƏRTAC 

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi, gənc nəslin nümayəndələrinin dünyagörüşlərinin artırılması və istirahətlərinin səmərəli təşkili məqsədilə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən ənənəvi olaraq kompleks tədbirlər həyata keçirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidməti və “ASAN Xidmət Könüllüləri” Təşkilatı tərəfindən birgə təşkil olunan, Azərbaycan dövlətçiliyinin 100 illiyinə həsr olunan “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi də bu qəbildən olan layihələrdəndir.

İyulun 20-dən 27-dək respublikamızın ən gözəl guşələrindən birində - Qəbələ rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Bazardüzünün ətəklərində yerləşən DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasında təşkil olunan “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi başa çatıb. 2016-cı il avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsən səfər etdiyi “Laza” sərhəd zastavasında könüllülərdə sərhəd mühafizəsi haqqında ən geniş təsəvvürün formalaşdırılması üçün əlverişli şərait yaradılıb. Düşərgəyə cəlb olunmuş könüllülər hərbi nizamnamələrin tələblərinə uyğun olaraq sərhədçi həyatı yaşayıb, sərhəd xidmətinin xüsusiyyətləri ilə yaxından tanış olublar.

Düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, pnevmatik silahdan atışların yerinə yetirilməsi, silahların sökülməsi və yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, çevikçilərin nümunəvi çıxışları, “Sərhəd naryadı tərəfindən sərhəd pozucusunun yaxalanması və sərhəd zastavasına müşayiət edilməsi”, “Maskalanma”, “Ləpirçilik” və sıra hazırlığı üzrə nümunəvi praktiki məşğələlər və digər tədbirlər könüllülərin istirahətini daha maraqlı və səmərəli edib.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edən polkovnik İntiqam Atakişiyev və 2016-cı ilin aprel döyüşlərinin iştirakçıları ilə keçirilən görüş, diskussiyaların aparılması da yaddaqalan tədbirlərdən olub.

Hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş könüllülərin asudə vaxtının və fəal istirahətinin təşkili məqsədilə müxtəlif idman yarışları, Azərbaycan kinematoqrafçılarının vətənpərvərlik mövzusunda istehsal etdikləri və sərhədçilərdən bəhs edən filmlərin nümayişi və müzakirəsi, Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mədəniyyət ocaqlarına ekskursiyalar, Şəki rayon mədəniyyət mərkəzinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları, fotoqraf Vüqar İbadovun fərdi sərgisi, respublikamizin tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları ilə görüşüblər.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən qabaqcıl və firavan ölkələrindən birinə çevrilən Azərbaycan Respublikasında gənclərin inkişafı, vətənpərvərlik tərbiyələri ilə yanaşı istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili məsələlərinin də ciddi dövlət qayğısı ilə əhatə olunması, gənclərdə liderlik keyfiyyətlərinin formalaşmasına xüsusi önəm verilməsi qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ideyası və təşəbbüsü ilə yaranmış “ASAN Xidmət”in Azərbaycan brendinə çevrilməsində çox mühüm və nəcib fəaliyyətlə məşğul olan könüllülərin xüsusi rolu vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin və “ASAN Xidmət Könüllüləri” Təşkilatının birgə layihələrinin vətənpərvərlik ideyalarının təbliğatı üçün mühüm əhəmiyyət kəsb etməsi bildirilib.

İyulun 27-də “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin başa çatması ilə əlaqədar mərasim keçirilib.

Mərasimdə düşərgəyə cəlb olunmuş könüllülərə sertifikatlar təqdim olunub, yarışlarda qalib gələnlər mükafatlandırılıb, xatirə hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.