CƏMİYYƏT


Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə biganə qalmır

Tbilisi, 20 oktyabr, AZƏRTAC

Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın qayğıları ilə hər zaman maraqlanır və onların problemlərinin həllinə çalışır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Gürcüstanda səfərdə olan Azərbaycanın bir qrup KİV nümayəndəsinin Marneuli rayonunda soydaşlarımızla görüşündə səslənib.

Fondun icraçı direktoru Vüqar Səfərli bu ilin may ayında Azərbaycanda və Gürcüstanda ilk demokratik respublikanın yaranmasının 100 illiyinin tamam olduğunu xatırladıb. Bu səfərin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış tədbirlər planı çərçivəsində reallaşdırıldığını söyləyib.

Bildirilib ki, azərbaycanlıların yığcam yaşadıqları Marneulidə bu görüşün məqsədi soydaşlarımızın qayğıları ilə maraqlanmaqdır.

Görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın qarşılaşdıqları təhsil problemləri, kadr çatışmazlığı, işsizlik və s. məsələlərdən danışılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Cəmaləddin Quliyev, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və başqaları soydaşlarımızın qaldırdıqları məsələlərə münasibət bildiriblər.

Diqqətə çatdırılıb ki, Gürcüstan hökuməti bu ölkədə yaşayan soydaşlarımızın problemlərinə diqqətlə yanaşır, onların həllinə çalışır. Azərbaycan dövləti də qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində soydaşlarımızın problemlərinin həllində öz köməkliyini əsirgəmir.

Vurğulanıb ki, Azərbaycan dövlətinin bu qayğısı davamlı olacaq və soydaşlarımızın inteqrasiya proseslərinə köməklik göstəriləcək.

Sonra Azərbaycan KİV nümayəndələri Marneulidəki Ata Holdinq Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.