CƏMİYYƏT
Azərbaycan dövləti insan alverinə qarşı mübarizə sahəsində qətiyyətli addımlar atır
Bakı, 13 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi Siyəzən şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə çıxış edən gimnaziyanın direktoru Əminə Musayeva internat evi, eləcə də burada şagirdlərlə ünsiyyət və onlara göstərilən yüksək dövlət qayğısından danışıb.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru Elşən Həşimov baş idarənin fəaliyyət istiqaməti və görülən işlər, aparılan əməliyyat-axtarış tədbirləri haqqında iştirakçılara ətraflı məlumat verib.
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev çıxışında Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizə sahəsində qətiyyətli addımlar atdığını, kəskin mübarizə tədbirlərinin fasiləsiz davam etdirildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin tapşırığı və göstərişi, DİN rəhbərliyinin xüsusi nəzarəti ilə insan alverinə qarşı mübarizədə ciddi uğurların əldə olunduğunu deyib. Bildirib ki, insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndirici hər il Milli Məclisdə illik hesabat məruzəsi ilə çıxış edir, ölkəmizdə bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirir.
Çıxış edənlər bu sosial bəlanın fəsadları və ona qarşı mübarizə mexanizmlərindən, bu sahədə kəsərli mübarizə tədbirlərindən danışıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb, məcburi əməklə bağlı DİN tərəfindən hazırlanmış film nümayiş olunub.