CƏMİYYƏT
Azərbaycan dövləti könüllülər hərəkatının inkişafına çox böyük önəm verir
Bakı, 13 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunması xüsusən gənclər üçün çox böyük coşqu ilə qarşılandı. Çünki ilk dəfə olaraq ən yüksək - dövlət səviyyəsində könüllülərin fəaliyyətinin genişlənməsi üçün bu qədər böyük meydan yaradıldı və könüllü fəaliyyətin nə qədər önəmli olması bir daha vurğulandı. Bu günə qədər Azərbaycanda keçirilmiş mühüm beynəlxalq tədbirlərdə könüllü qüvvəsindən geniş və səmərəli şəkildə istifadə olunub.
Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Viza” departamentinin hava limanı üzrə mütəxəssisi, əvvəllər könüllü qismində Heydər Əliyev Beynəlxalq Aeroportunda çalışmış Məcid Musayev AZƏRTAC-a açıqlamasında deyib.
Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışların təşkilində könüllülərin fəal rol oynadıqlarını vurğulayan M.Musayev qeyd edib: “İstər mədəniyyət, istər idman, istərsə də siyasət tədbirlərinə ev sahibliyi edən Azərbaycan bu istiqamətlərdə davamlı olaraq könüllülərin bilik və bacarıqlarından istifadə edib. Bunu bir növ Azərbaycanda özünəməxsus könüllü mədəniyyətinin formalaşması kimi də qiymətləndirmək olar. Mən özüm də tələbəlik illərində bir çox tədbirlərdə - “Eurovision 2012”, gimnastika və güləş üzrə çempionatlarda, Gənclərin Ümumdünya Məşğulluq Sammitində könüllü kimi iştirak etmişəm.
Könüllülük fəaliyyəti genişmiqyaslıdır, vətənpərvərlik, ekoloji tarazlıq, incəsənət, mədəniyyət və digər sahələri əhatə edir. Könüllülük fəaliyyəti, eyni zamanda, digər sosial, elm-təhsil sahələrini də əhatə edir. Çünki könüllü şəxs iştirak etdiyi tədbirdə həm öz biliklərini ortaya qoyur, həm də yeni biliklər qazanır. Bundan əlavə, işin praktiki tərəfini də unutmamaq lazımdır. Könüllük fəaliyyəti hər bir iştirakçıya böyük praktiki baza qazandırır”.
Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsində könüllülərin fəaliyyətinin çox önəmli olduğunu vurğulayan həmsöhbətimiz diqqətə çatdırıb ki, bu günə qədər azərbaycanlı könüllülər ölkəmizdən kənarda keçirilmiş tədbirlərdə də iştirak ediblər. Bunların arasında Almaniyada keçirilmiş “Eurovision-2011”, “Rio-2016” Yay Olimpiya Oyunları, Gürcüstanda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalı, qarşıdan gələn “Tokio-2020” Yay Olimpiya Oyunları var. Bütün bu tədbirlər bir növ azərbaycanlı könüllülər üçün yeni fəaliyyət platformasıdır ki, bu da məhz onların vasitəsilə ölkəmizin beynəlxalq aləmdə təbliği işinə mühüm töhfədir. Dünyanın mötəbər beynəlxalq təşkilatları da Azərbaycanda yaranmış və inkişaf edən könüllülər hərəkatına yüksək qiymət verirlər. Azərbaycanın artıq formalaşmış mükəmməl könüllü bazası var. Bunu könüllü məktəbi də adlandırmaq olar.
“Vətənpərvərdir, bilikli və istedadlı olan könüllülərimiz Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər. Könüllü olmaq kənardan nə qədər asan görünsə də, reallıqda bu, belə deyil. Düşünürəm ki, könüllünün dil bilikləri, bu işə diqqət və məsuliyyəti əsas seçim meyarlarındandır. Bu dəyərləri paylaşan və ya paylaşmağa hazır olan şəxs rahatlıqla könüllü ola bilər”, - deyə M.Musayev bildirib.