REGİONLAR
Azərbaycan dövləti sülhün təminatçısıdır
Ağcabədi, 10 sentyabr, AZƏRTAC
Sülh mövzusu ərazisinin 20 faizi işğal edilən, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikir 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə elan edilən “Sülh aylığı” çərçivəsində laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində keçirilən tədbirdə səsləndirilib.
Laçın Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə tədbirdə çıxış edərək, Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Milli Fəaliyyət Proqramının 4.10-cu bəndində “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin həyata kecirilməsi” təsbit olunub. Bu məqsədlə respublikamızda hər il 21 sentyabr - Beynəlxalq Sülh Günü ərəfəsində “Sülh aylığı” elan edilir və bir çox kütləvi tədbirlər təşkil olunur.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti Aparatının hüquq şöbəsinin əməkdaşı Həsən Novruzovun “Azərbaycan dövləti daim sülhün təminatçısıdır” mövzusunda məruzəsi dinlənilib.
Məruzə və çıxışlarda ölkəmizdə keçirilən “Sülh aylığı”nın əhəmiyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə sabitlik, sülh və əmin-amanlıq bərqərar olub. Hazırda dahi rəhbərin sülhpərvər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.