İQTİSADİYYAT


Azərbaycan dünya üzrə keçirilən turizm sahəsində startap yarışmasına qoşulur

Bakı, 4 iyul, AZƏRTAC

BMT-nin Dünya Turizm Təşkilatı 20-dən çox ölkədə turizm sahəsində fəaliyyət göstərən mərkəzləri birləşdirən ispan-amerikan şirkəti olan “Qlobalia” şirkəti ilə tərəfdaşlıq çərçivəsində turizm startap müsabiqəsini elan edib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə turizm sahəsinə köklü dəyişikliklər gətirəcəyi gözlənilən ən uğurlu yanaşmaları taparaq yaranmaqda və hazırda trend olan yeni innovasiya və texnologiyaların tətbiqi, eləcə də dövri iqtisadiyyat kimi yeni biznes modelləri üzrə startapların dəstəklənməsinə istiqamətlənib.

Müsabiqənin əsas məqsədlərindən biri turizmdə davamlılığın təmin edilməsinə töhfələr verəcək layihələrin üzə çıxarılmasıdır. Bu məqsədlə ən yaxşı təklif və layihələrin seçilməsi üçün dünyanın 164 ölkəsində, o cümlədən Azərbaycanda müsabiqə elan edilib.

Qlobal investorlar və korporasiyaların, turizm sahəsində fəaliyyət göstərən böyük şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti layihələri potensial təsirlər, biznes modeli, komanda işi, fərqlilik və yenilikçilik, dayanıqlılıq meyarları üzrə qiymətləndirəcək.

Layihələrin “Gələcəyin səyahətləri” – innovativ, “Fərqli turizm təcrübələri” - tematik turizm (qastronomik, idman və macəra turizmi), turizmin ətraf mühitə zərərli təsirlərinin yeni texnologiyalar vasitəsilə azaldılması, yerli, lokal, mərkəzdən kənar turizm imkanlarının inkişaf etdirilməsi istiqamətləri üzrə olması tövsiyə edilir.

Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosu adıçəkilən layihədə iştirak etmək istəyən hər kəsi müsabiqəyə qoşulmağa dəvət edir.

Ətraflı məlumatı http://tourismboard.az/startup-competition/ linkindən əldə edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.