ELM VƏ TƏHSİL
Azərbaycan dünyada beynəlxalq dialoq məkanı, sülhsevər ölkə kimi tanınır
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan dünyada beynəlxalq dialoq məkanı, sülhsevər ölkə kimi tanınır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev deyib.
O bildirib ki, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkan kimi ölkəmizin seçilməsi bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni cəhətdən beynəlxalq mərkəzlərdən birinə çevrilib. Dünya miqyasında çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən toplantıların, konfransların, forumların Bakıda təşkili Prezident İlham Əliyevin yorulmadan həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz müsbət nəticələri ilə yadda qaldı.