SİYASƏT


Azərbaycan dünyanın humanizm dəyərlərinə söykənən yeni iqtisadi, siyasi və intellektual güc mərkəzinə çevrilir

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan və onun Prezidenti bütün dünya dövlətlərinə və beynəlxalq təşkilatlara koronavirusla mübarizə dönəmində sübut edə bildi ki, hətta sərhədlərin bağlı olması belə dünya dövlətlər arasında münasibətlərin inkişafına mane ola bilməz və olmamalıdır. Belə ki, keçən aylarda olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti iyul ayında da istər iki tərəfli istərsə də, çox tərəfli beynəlxalq xarakterli, bu günün tələbinə uyğun virtual formatda görüşlərinə davam edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib.

O qeyd edib ki, dünyanın və regionun bir çox dövlətləri ilə aparılan fikir mübadilələrinin məzmunu əsasən koronavirusla mübarizənin metodları, mövcud vəziyyətin qiymətləndirilməsi və birgə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi olub. Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu ayın ilk günlərində də, keçirdiyi görüşlərdə bütün dünya dövlətlərinə xalqımızın humanizm dəyərlərə sadiqliyini bir daha nümayiş etdirib, yardıma ehtiyacı olan dost və tərəfdaş dövlətlərə humanitar yardımların edilməsi təklifini bir daha bütün virtual görüşlərdə ifadə edib.

“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama hərəkatının sədri İlham Əliyev BMT-nin xüsusi sessiyasının çağırılması ilə bağlı bir müddət əvvəl dünyada yaxşı mənada rezonans doğuran təklif ilə çıxış etmişdi. Çox böyük qürurdur ki, dövlət başçımızın təklifi dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunub. Bu ayın ilk günlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib. Prezident Baş katibə xüsusi toplantının keçirilməsi ilə bağlı dünyanın bir çox dövləti tərəfindən dəstəklənən təklifini bir daha dilə gətirib. İnamla bildirib ki, koronavirus pandemiyası müasir dünyanın ortaq problemidir və onunla mübarizəyə dünyanın mütləq əksəriyyəti qoşulmalıdır. Ölkə başçımız bildirib ki, bu ümumdünya əməkdaşlığının reallaşması üçün Azərbaycan dövlət və cəmiyyət olaraq əlindən gələni etməyə hazırdır.

Çox sevindirici haldır ki, dövlətimiz artıq hansısa tədbirin keçirilməsi üçün beynəlxalq təşkilatlardan təklif, dəvət gözləmək yerinə özü bu görüşlərin keçirilməsi üçün təklif verir, təşəbbüs göstərir. Prezident İlham Əliyev dünyanın ən böyük və dünya dövlətlərinin mütləq əksəriyyətini öz ətrafında birləşdirən BMT-nin Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib”, - deyə Vüqar Seyidov vurğulayıb.

O bildirib ki, bu günə qədər təkcə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait ayıran Azərbaycan, eyni zamanda, dünyanın 30-dan çox ölkəsinə müxtəlif səpkili humanitar yardım göndərib. Məhz elə bu telefon danışığı zamanı Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib. Bu, dövlətimizin yalnız təkliflərlə deyil, eyni zamanda, o təklifləri həyata keçirtmək üçün, görüləcək işlərdə yaxından iştirak etmək arzusuna və əlbəttə o gücdə olmasına sübutdur.

Vüqar Seyidov deyib: “Azərbaycan özünün təbii ehtiyatları və əqli potensialı, dünyada coğrafi və siyasi mövqeyi ilə yeni bir cazibə nöqtəsidir. Azərbaycan dünyanın humanizm dəyərlərinə söykənən yeni iqtisadi, siyasi və intellektual güc mərkəzinə çevrilir. Ölkəmiz inkişaf etdikcə onunla əməkdaşlıq etmək istəyən dövlətlərin, beynəlxalq təşkilatların sayı da artmaqdadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.