REGİONLAR
Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrilib
Bərdə, 23 dekabr, AZƏRTAC
Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bərdə rayon mərkəzi kitabxanasında keçirilən “Tolerant cəmiyyət və dini ekstremizm təhlükəsi” adlı tədbirdə səsləndirilib.
Bərdə şəhər cümə məscidinin axundu hacı Ramazan Hüseynov, rayon icra hakimiyyətinin ictimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini Eldəniz Səfərov və başqaları çıxış edərək, ölkəmizdə tarixən hökm sürən tolerantlıq və multikultural dəyərlərdən, müxtəlif dinlərin nümayəndələri və xalqlar arasında dostluğun, birgəyaşayışın qorunmasından danışıblar. Bildirilib ki, bu gün dünyada dini radikalizm və ekstremizm meylləri güclənməkdə, bəşəriyyət üçün ciddi təhlükəyə çevrilməkdədir. Odur ki, ziyalılar və din xadimləri, bütövlükdə cəmiyyət dini radikalizmlə mübarizədə fəal olmalı, bu işdə dini icmaların rolu artırılmalıdır.
Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçılar kitab sərgisi ilə tanış olublar.