ELM VƏ TƏHSİL
“Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 16 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsi qaliblərinin dekabrın 16-da mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev son illərdə ölkəmizdə bütün sahələr üzrə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib. İdarə müdiri istedadlı şagirdləri həvəsləndirmək, onların yaradıcılığa olan marağını artırmaq, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə BŞTİ tərəfindən il ərzində çoxsaylı müsabiqələrin təşkil edildiyini söyləyib.
R.Tağıyev bildirib ki, “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” mövzusunda keçirilən müsabiqənin məqsədi Nəsimi irsi barədə məktəbliləri daha geniş məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə marağını artırmaq, həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürü, tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlər yetişdirməkdən ibarətdir.
Müsabiqə qaliblərini təbrik edən R.Tağıyev onlara gələcək təhsil yollarında daha böyük uğurlar arzulayıb.
Sonra müsabiqədə qalib olmuş şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, üç mərhələdə təşkil olunan müsabiqənin məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən 3 şagird rayon turunda iştirak etmək hüququ qazanıb. Rayon mərhələsində 247 məktəb üzrə 741 məktəbli iştirak edib və onlardan 51-i final mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin final mərhələsinin nəticələrinə görə, 80 nömrəli tam orta məktəbin şagirdi birinci, 125 və 110 nömrəli tam orta məktəblərin şagirdləri ikinci, 92, 76 və 309 nömrəli tam orta məktəblərin şagirdləri isə üçüncü yerin qalibi olublar. Eyni zamanda, 139, 46, 189-190, 181, 99, 283, 210, 322 və 231 nömrəli məktəblərin şagirdləri həvəsləndirici yerlərə layiq görülüblər.