MƏDƏNİYYƏT
Azərbaycan ədəbiyyatının ən böyük ehtiyac duyulduğu ölkə qardaş Türkiyədir
İstanbul, 12 noyabr, AZƏRTAC
Türkiyədə Azərbaycan bədii ədəbiyyatına maraq günbəgün artır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbulda fəaliyyət göstərən "Zəngin yayıncılıq" nəşriyyatının müdiri Sevinc Fırat deyib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin həyata keçirdiyi "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ilə tərəfdaşlıq etməyin "Zəngin yayıncılıq" üçün yeni-yeni imkanlar yaratdığını diqqətə çatdıran nəşriyyat müdiri bildirir ki, əslində qardaş ölkədə Azərbaycan bədii ədəbiyyatının geniş yayılmasına hər zaman ehtiyac olub. Son illər İstanbulda keçirilən beynəlxalq kitab sərgiləri çərçivəsində Azərbaycan bölməsinin yaradılması azərbaycansevər oxucular üçün konkret kitab ünvanı müəyyən edib. O qeyd edib ki, builki sərgi çərçivəsində ən maraqlı məqamlardan biri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan “Mübariz” romanının imza günündə müşahidə olunub: “Kitabı əldə edən oxucular sanki xalqın qəhrəman oğlu Mübariz İbrahimovun özü ilə birbaşa təmas qurduqlarını nümayiş etdirirdilər. Bu qürurverici hal bir daha göstərdi ki, Azərbaycan ədəbiyyatının ən böyük ehtiyac duyulduğu ölkə qardaş Türkiyədir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul