MƏDƏNİYYƏT


“Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı – Hüseyn Cavid” elektron məlumat bazası hazırlanıb

Bakı, 20 may, AZƏRTAC

Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı – Hüseyn Cavid” adlı elektron məlumat bazası hazırlanıb.

Milli kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsi”, “Görkəmli şəxslər Hüseyn Cavid haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi” və “Fotoqalereya” bölmələrindən ibarətdir.

Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub. Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.

Hüseyn Cavidin örnəksəl həyatı və yaradıcılığının əsas ideya istiqaməti olan romantizmi XX əsr Azərbaycan ədəbiyyatının mürəkkəb, çoxşaxəli və zəngin gedişində öz səsi və nəfəsi ilə seçilən qanunauyğun və əlamətdar bir hadisə kimi bu gün də öz məna və əhəmiyyətini saxlamaqdadır. Hüseyn Cavid Azərbaycan şeirinə ilk dəfə olaraq sonet, marş, şərqi-türkü kimi janrları gətirib. Ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynayıb. “Şeyx Sənan”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam” kimi dramları, “Azər” poeması, bütöv bir silsilə lirik-fəlsəfi şeirləri ilə Hüseyn Cavid öz adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə əbədi həkk edib.

Öz dahiyanə əsərləri ilə Hüseyn Cavid Azərbaycan dramaturgiyasını istər mövzu, istər xarakter və obrazlar qalereyası, istərsə də xronotop baxımından olduqca zənginləşdirmiş, dramaturgiyamızı dar lokal məkandan çıxararaq qlobal məkana salmış, ümumbəşəri ideyaların təbliği ilə dünya səviyyəsinə qaldırıb.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/HuseynCavid/index.html linkindən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.