CƏMİYYƏT


Azərbaycan ədliyyəsinin 100 illik yubileyi Nərimanov rayonunda qeyd olunub

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 20-də Nərimanov Rayon Məhkəməsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev tədbirdə çıxış edərək Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlərin Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı işlərin göstəricisi olduğunu vurğulayıb. O, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yerinin və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib.

T.Paşayev peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçilərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəklərinə, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə çıxış edərək ədliyyə və məhkəmə orqanlarında çalışan bütün əməkdaşları Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıb. A.Fərzəliyev müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününün artıq 18 ildir ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunduğunu deyib.

Rayon icra hakimiyyətinin başçısı ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək Ümummilli Liderimizin hakimiyyətə qayıdışı ilə əsl müstəqilliyin bərqərar olduğunu, ölkəmizdə demokratik hüquqi dövlətin qurulduğunu, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafın təmin edildiyini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təşkil etdiyini nəzərə çatdırıb. A.Fərzəliyev hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət daşıyan məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən bu cür köklü və sistemli islahatların uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlərin qazanıldığını xüsusi vurğulayıb.

Tədbirdə son illər Azərbaycan ədliyyəsinin inkişafına dair videoçarx nümayiş olunub.

Sonda səmərəli fəaliyyətləri ilə fərqlənən ədliyyə işçilərinin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.