CƏMİYYƏT
Azərbaycan ekoloji təmizliyin qorunmasına xüsusi diqqət yetirir
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycana aid dördüncü milli məlumatın və ikinci ikiillik hesabatın hazırlanması layihəsi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın ekoloji problemlərin həllinə töhfə verdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycan ekoloji problemlərlə mübarizəyə, ətraf mühitin təmizliyinin qorunmasına xüsusi diqqət yetirir. Ölkəmizdə müxtəlif dövlət qurumları bu sahədə birgə fəaliyyət göstərir. Bununla əlaqədar olaraq BMT-nin İnkişaf Proqramı üzrə indiyədək 7 layihə maliyyələşdirilib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycana aid dördüncü milli məlumatın və ikinci ikiillik hesabatın hazırlanması layihəsi ilə bağlı müzakirələr zamanı bu barədə məlumat verilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycandakı milli əlaqələndiricisi İsa Əliyev deyib ki, ölkəmizdə son illər meşə sahəsi xeyli artırılıb. Bu biomüxtəlifliyin qorunması ilə yanaşı, ekoloji tarazlığın təmin edilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Qurumun İnkişaf Proqramının baş proqram müşaviri Çingiz Məmmədov isə bildirib ki, iqlim dəyişiklikləri hazırda dünyanı narahat edən əsas məsələlərdəndir. Bu problemlə mübarizə sahəsində ölkələr səylərini birləşdirməli və birgə layihələr həyata keçirməlidirlər.