İQTİSADİYYAT


Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixracatçıya çevrilib

Ötən 15 ildə 31 yeni elektrik stansiyası tikilib, 2500 meqavatlıq yeni güclər yaradılıb

Bakı, 31 yanvar, Nihad Budaqov, AZƏRTAC

Əvvəllər özünü elektrik enerjisi ilə təmin edə bilməyən Azərbaycan hazırda nəinki daxili tələbatı ödəmək, eləcə də ixrac üçün mövcud enerji potensialını artırır. On beş il əvvəl elektrik enerjisi xaricdən idxal edilir, bəzən də ölkənin bəzi yerləri işıqsız qalırdı. Lakin aparılan məqsədyönlü tədbirlər, həmçinin də yeni elektrik stansiyalarının inşası, mövcud stansiyalarda təmir-bərpa işlərinin aparılması ilə onların potensialının artırılması nəticəsində daxili tələbat tam ödənilib, böyük həcmdə elektrik enerjisinin ixracına nail olunub. Belə ki, ötən 15 il ərzində 31 yeni elektrik stansiya tikilib, 2500 meqavatlıq yeni güclər yaradılıb.

Keçən il Azərbaycanda elektrik enerjisi istehsalı 25,2 milyard kilovat/saat olub

2018-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25 milyard 256,1 milyon kilovat/saat təşkil edib. İl ərzində “Azərenerji” ASC və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinə məxsus İstilik Elektrik Stansiyalarında (İES) 21 milyard 163,7 milyon kilovat/saat, Su Elektrik Stansiyalarında (SES) isə 1 milyard 754,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Qalan elektrik enerjisi müstəqil elektrik stansiyalarının payına düşüb.

“Azərenerji” ASC üzrə elektrik enerjisi istehsalı 22,52 milyard kilovat/saat (İES-lərdə 20,9 milyard kilovat/saat, SES-lərdə 1,6 milyard kilovat/saat), Naxçıvanın Dövlət Energetika Xidməti üzrə 431,4 milyon kilovat/saat (İES-lərdə 245,1 milyon kilovat/saat, SES-lərdə 152,1 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 34,2 milyon kilovat/saat), Müstəqil Elektrik Stansiyaları üzrə isə 2,3 milyard kilovat/saat təşkil edib.

Həyata keçirilən islahatlar və reabilitasiya üzrə tədbirlər nəticəsində 2018-ci ildə əvvəlki illə müqayisədə elektrik enerjisinin illik istehsalı 3,4 faiz çoxalıb.

Enerji sistemində tikinti, yenidənqurma və bərpa prosesi həyata keçirilir

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, Mingəçevirdə yerləşən 8 enerji blokundan ibarət “Azərbaycan” İES-in yenidən qurulması çərçivəsində istismar müddətini başa vuran avadanlıq və aqreqatlar yeniləri ilə əvəz edilir, stansiya və yarımstansiyalar tikilərək tamamilə yenidən qurulur. Artıq “Azərbaycan” İES-in 6-cı enerji bloku və 500 kilovoltluq yarımstansiyanın yenidən qurulması prosesi yekunlaşmaq mərhələsinə keçib. Bu il İES-dəki digər 7 enerji blokunun tamamilə yenidən qurulacaq.

Bundan başqa, əvvəllər faktiki qoyuluş gücü ilə işləməyən “Şəmkir” SES-ə yeni ehtiyat hissələri gətirilib, 2 nömrəli hidroaqreqatda təmir-bərpa işləri aparılıb. Nəticədə aqreqatın gücü 2 dəfə artırılıb. Belə ki, 80 meqavat məhdudiyyət aradan qaldırılıb, bu, təxminən bir neçə rayonun tələbatına bərabərdir.

Təkcə ötən il 24 elektrik stansiyasında əsaslı və cari təmir işləri aparılıb. Ümumi gücü 351 meqavat olan 12 ədəd 110 kilovoltluq, gücü 128 meqavat olan 27 ədəd 35 kilovoltluq yarımstansiyalarda tikinti və yenidənqurma işləri aparılıb, 8 ədəd 10 və 6 kilovoltluq transformator məntəqəsi və paylayıcı qurğu inşa edilib.

Energetika Nazirliyi və Almaniyanın “VPC şirkəti ilə birgə hazırlanmış “Azərenerji” ASC-nin qoyuluş güclərinin optimallaşdırılması və reabilitasiyası Proqramı” çərçivəsində geniş miqyasda tikinti-quraşdırma, yenidənqurma və təmir-bərpa işlərinin aparılmasına başlanılıb, “Azərenerji” ASC-nin ötürücü sisteminin optimallaşdırılması və reabilitasiyası Proqramı” hazırlanıb. Həmçinin Almaniyanın “Enerco” şirkəti cəlb edilməklə mövcud elektrik enerjisi stansiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi üzrə Tədbirlər Planı hazırlanır.

Elektrik enerjisinin ixracı artıb

Keçən il Azərbaycanın elektrik enerjisinin ixracı 1 milyard 447,7 milyon kilovat/saat olmaqla 2017-ci illə (1,28 milyard kilovat/saat) müqayisədə 165,2 milyon kilovat/saat çoxalıb. İxrac olunan 1,44 milyon kilovat/saat elektrik enerjisinin 80,3 milyon kilovat/saatı İranın, 13,45 milyon kilovat/saatı Türkiyə-Gürcüstan tranzitinin, 121,5 milyon kilovat/saatı Rusiyanın, 1,23 milyard kilovat/saatı isə Gürcüstanın payına düşüb.

Ümumilikdə ötən il Azərbaycandan Rusiya, Gürcüstan, İran və Türkiyəyə ixrac olunan elektrik enerjisi 2017-ci il ilə müqayisədə 14,2 faiz artıb. 2018-ci ildə Azərbaycandan ixrac olunan elektrik enerjisinin dəyəri təxminən 66 milyon ABŞ dolları təşkil edib. Ötənilki ixracın dəyəri 2017-ci illə müqayisədə 16 milyon dollaradək artıb.

Elektrik enerjisinin istehsalında şərti yanacağa qənaət edilir

Keçən il “Azərenerji” ASC və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinə məxsus İstilik Elektrik Stansiyalarında elektrik enerjisinin istehsalına 5 milyard 34 milyon kubmetr təbii qaz sərf olunub. İl ərzində hər kilovat/saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfi 2017-ci illə müqayisədə 296,3 q/kVts-dan 279,8 q/kVts-a qədər (16,5 q/kVts) azalıb ki, bu da 338,3 min ton şərti yanacağa qənaət deməkdir.

Aparılan islahatlar və müvafiq Tədbirlər Planına uyğun görülən işlər nəticəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla gündəlik 5,5 milyon kilovat/saat çox elektrik enerjisi istehsal edilir. Ən əsası isə 5,5 milyon kilovat/saat artım olmasına baxmayaraq, keçən ilin eyni dövrünə nisbətən istehsal prosesində şərti yanacaq sərfiyyatı hər kilovat/saata görə 1-2 qramadək azalıb. Beləliklə, daha az yanacaq sərf edilməklə həm yanacağa qənaət olunub, həm də daha çox elektrik enerjisi istehsal edilib.

Ümumi generasiya gücündə alternativ və bərpaolunan enerji mənbələrinin payının artırılması prioritetdir

2018-ci ildə “Azalternativenerji” MMC tərəfindən alternativ və bərpaolunan enerji mənbələri hesabına 9 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub və onun 8,2 milyon kilovat/saatı ümumi enerji sisteminə ötürülüb. MMC-nin bütün obyektləri üzrə enerji sistemindən alınan enerjinin həcmi 664,6 min kilovat/saat, xüsusi sərfiyyatın həcmi isə 1,4 milyon kilovat/saat təşkil edib.

Ümumilikdə ötən il ölkədəki günəş elektrik stansiyalarında (GES) 38,3 milyon kilovat/saat, külək elektrik stansiyalarında (KES) isə 57,5 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

Almaniyanın “DNV GL Energy Advisory GmbH” şirkəti cəlb edilməklə elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpaolunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını, habelə alternativ və bərpaolunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi məqsədilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlər hazırlanır.

Asiya İnkişaf Bankının “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kilovata qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Pilot layihənin icrası istiqamətində məsləhətçi şirkətlərlə müqavilənin imzalanması başa çatdırılıb. Layihənin icrasının 2021-ci ilin martına qədər başa çatdırılması nəzərdə tutulur.

Həmçinin BP, “TEKFEN İnşaat və Təsisat A.Ş”, “Avelar Solar” şirkətləri ilə nazirlik arasında alternativ və bərpaolunan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, “Masdar” şirkəti “Fəaliyyət planı üçün çərçivə sənədi” imzalanıb. Digər əməkdaşlıq üçün maraqlı olan şirkətlərlə də gələcək birgə fəaliyyəti tənzimləyən və öhdəlik müəyyən etməyən ilkin sənədlərin imzalanması planlaşdırılır. Belə ki, “Total” və “Turgas” şirkətləri əməkdaşlıq üçün çərçivə sənədlərinin layihələrini baxılması üçün Energetika Nazirliyə təqdim edib.

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə “Azərbaycanda bərpaolunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi” və “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadəyə tənzimləmə dəstəyi” layihələri də həyata keçirilir. Birinci layihənin icrasına artıq başlanılıb və bu çərçivədə ölkənin bərpaolunan enerji mənbələri üzrə potensialı və elektrik enerjisi şəbəkəsinin imkanları nəzərə alınmaqla yeni güclərin istifadəyə verilməsi üzrə xəritə tərtib ediləcək, verilən tövsiyələr əsasında şəbəkənin gücləndirilməsi üzrə fəaliyyət planı formalaşdırılacaq.

Elektrik enerjisi ilə təmin edilən abonentlərinin sayı 2,6 milyona çatıb

Ötən ilin sonuna Azərbaycanda elektrik enerjisi abonentlərinin sayı 2 milyon 607 min 176 olub. Bundan əlavə, il ərzində ümumilikdə 186 min 672 ədəd, o cümlədən əhali istehlakçılarına aid 171 min 739 ədəd, qeyri-əhali istehlakçılarına aid 14 min 933 ədəd köhnə elektrik sayğacları yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində elektrik enerjisi itkiləri 9,8 faizə endirilib, istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi hesabat ilində 94,7 faizə çatdırılıb.

Bu il yeni elektrik stansiyaları istifadəyə veriləcək

Ölkənin sənaye potensialı və əhalinin sayının çoxalması, eləcə də kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması elektrik enerjisinin istehsalının artırılmasını və yeni stansiyaların tikilməsini zəruri edir. Cari ildə 400 meqavat gücündə olan “Şimal 2” elektrik stansiyasının açılışı gözlənilir. Bundan başqa, paytaxtda yeni, 300, 350, 400 meqavatadək gücü olan stansiyaların tikintisi ilə bağlı işlər aparılıb. Stansiyaların inşası, mövcud stansiyalarda təmir-bərpa işlərinin aparılması nəticəsində təxminən 500 meqavat əlavə güc əldə edilməsi nəzərdə tutulur.

Ümumilikdə görüləcək işlər çərçivəsində ölkədə əlavə 1500 meqavat elektrik enerjisi istehsal ediləcək. Bu artımla həm daxili tələbat ödənəcək, həm də ixrac artırmaqla ölkəyə əlavə valyutanın gətirilməsi mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.