İQTİSADİYYAT
Azərbaycan elektron gömrük xidmətləri üzrə layihələri ilə Avropada qabaqcıl təcrübəyə malikdir
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Gömrük Xidməti elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələri ilə Avropa miqyasında qabaqcıl təcrübəyə malikdir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözlər noyabrın 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ilə ölkəmizdə səfərdə olan Ukrayna Dövlət Fiskal Xidmətinin sədr müavini, Gömrük Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Miroslav Prodanın rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü zamanı səsləndirilib.
A.Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açaraq qeyd edib ki, Azərbaycan-Ukrayna əlaqələrinin perspektivi böyükdür. DGK-nın sədri Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Azərbaycan Gömrük Xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.
Ukrayna Dövlət Fiskal Xidmətinin sədr müavini, Gömrük Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Miroslav Prodan Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib, iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan gömrük sisteminin, xüsusilə informasiya texnologiyalarının tətbiqi ilə bağlı təcrübəsinin onlarda böyük maraq doğurduğunu və bu təcrübədən yararlanmaq təşəbbüsünü diqqətə çatdırıb.
“Azərbaycan Gömrük Xidməti innovasiya layihələrinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsində yeni metod və texnologiyalardan istifadə edilməsi, xüsusən elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələri ilə nəinki region, həm də Avropa miqyasında qabaqcıl təcrübəyə malikdir”, - deyə M.Prodan qeyd edib.
O, ümumiyyətlə qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Sonra Ukrayna nümayəndə heyəti Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və “Hədəf” Mərkəzi ilə tanış olub. Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.
Ukrayna Dövlət Fiskal Xidmətinin nümayəndələri mərkəzlə tanışlıqdan məmnunluqlarını bildirib, onun üstün imkanlarını yüksək dəyərləndiriblər.