İQTİSADİYYAT
Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur
Bakı, 29 mart, AZƏRTAC
Almaniyanın Qarmiş-Partenkirhen şəhərində “Fraunhofer IAO” Tədqiqat İnstitutu tərəfindən “go.eIDAS sammiti” keçirilir. Ölkəmizi bu tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və mərkəzin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Arif Mailov təmsil edirlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqsədi praktik təcrübə və tələbləri akademik yeniliklərlə birləşdirmək olan sammit “FutureTrust” layihəsi və “Açıq İdentifikasiya” üzrə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Sammit eIDAS (elektron mühitdə identifikasiya və etimad xidmətləri) ekosistemi çərçivəsində mobil tətbiq və etibarlı xidmət təminatçılarını, dövlət orqanlarını, dövlət tərəfindən maliyyələşdirilən layihələr və təşəbbüsləri, akademik qurumlar və kommersiya təşkilatlarının praktik təcrübələrini nümayiş etdirmək üçün bir araya toplayıb.
MHM-in konfransda iştirakdan əsas gözləntiləri elektron imzanın elektron mühitdə identifikasiya və etimad xidmətlərində tətbiqi, e-imzanın transsərhəd tanınmasını reallaşdıracaq infrastrukturun qurulmasını və bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırmasını tezləşdirməkdən ibarətdir. Həmçinin elektron imzanın tətbiqi ilə daha səmərəli və etibarlı sosial xidmətlərin yaradılması üçün fikir mübadiləsi aparmaq, bu sahədə mövcud qlobal vəziyyəti araşdırmaqdır.
Hazırda Azərbaycanda mövcud qanunvericiliyin Avropa İttifaqının sənədlərinə uyğunlaşdırılması üçün işlər aparılır. Bu çərçivədə etimad xidmətləri ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Həmin layihə etimad xidmətləri üzrə normativ hüquqi bazanın və texniki infrastrukturun təkmilləşdirilməsi, xarici ölkələrlə elektron imzaların qarşılıqlı tanınması, elektron sənədlərin təsdiqində vaxt qənaətinə və bürokratik əngəllərin aradan qaldırılmasına şərait yaradacaq. Hazırda Türkiyə və Belarus ilə elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır.
Martın 27-də işə başlayan sammit bu gün başa çatacaq.