ELM VƏ TƏHSİL
Azərbaycan elmi Heydər Əliyev epoxasında
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan qədim elmi-mədəni ənənəsi olan ölkədir. Orta əsrlərdə Azərbaycanda bir sıra sahələrdə çoxsaylı elmi mərkəzlər fəaliyyət göstərirdi. Lakin etiraf etmək lazımdır ki, ölkəmizdə elmin sistemli şəkildə inkişaf etdirilməsində XX əsr xüsusi mərhələ təşkil edir. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində daha böyük uğurlar əldə etdi. Akademiyanın inkişaf tarixini şərti olaraq bir neçə mərhələyə bölmək olar. Akademiyanın tarixində ən parlaq mərhələ 1970-1980-ci illəri əhatə edir. Bu mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Elmləri Bölməsinin akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.
O bildirib ki, Heydər Əliyevin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq akademiya sovet dövründə bir sıra uğurlara imza atıb. Bu dövrdə xalqımızın adlı-sanlı görkəmli ziyalıları, tanınmış alimləri və yazıçıları ilk növbədə respublika daxilində geniş təbliğ olunur, təltif edilir, fəxri adlara layiq görülürdülər. Ulu öndər Heydər Əliyevin Sovet İttifaqında qazandığı böyük nüfuzu və onun ciddi təşəbbüsləri sayəsində xalqımızın istedadlı, qabiliyyətli nümayəndələrinin mühüm xidmətləri SSRİ miqyasında dövlət səviyyəsində qiymətləndirilir, onlar bu yolla sovet dövlətində və tədricən dünyada tanıdılırdılar.
Bu mərhələdə Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində akademiyanın ən böyük uğurlarından biri elm və istehsalat arasında əlaqənin möhkəmlənməsi idi.
1980-1993-cü illəri akademiyanın tarixində növbəti mərhələ kimi xarakterizə etmək mümkündür. Bu mərhələdə əvvəlki illərdə formalaşmış elmi ənənələr hesabına akademiyanın tədqiqat institutlarının fəaliyyəti davam etdirilirdi.
Lakin 90-cı illərin əvvəllərində baş verən proseslər akademiyadan da yan keçmədi. Ən acınacaqlı fakt ondan ibarət idi ki, həmin dövrdə bəziləri Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi olan akademiyanı bağlamaq kimi absurd fikirlər səsləndirirdilər. Belə bir şəraitdə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldi və vəziyyəti əsaslı şəkildə dəyişməyə nail oldu. Nəticədə akademiya, milli intellektual potensial məhv olmaq təhlükəsindən xilas edildi.
Təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdışından sonra ilk görüşlərindən birini Elmlər Akademiyasında keçirdi. Həmin görüşdə Heydər Əliyevin akademiyanın əhəmiyyəti və xidmətləri haqqında söylədiyi fikirlər cəmiyyətin inkişafında elmin roluna dair obyektiv qənaətlərini ifadə etmişdi.
1997-ci il yanvarın 31-də AMEA-nın bir qrup aparıcı alimini qəbul edən Heydər Əliyev elm sahəsində islahatlar aparılmasının vacibliyini təsdiqləyərək, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını qəti şəkildə müəyyənləşdirdi.
Heydər Əliyev akademiyanın müstəqil dövlətin prinsiplərinə uyğun statusla fəaliyyət göstərməsi üçün əhəmiyyətli addımlar atıb. Hər şeydən əvvəl, ölkə rəhbərinin 2001-ci il 15 may tarixli Fərmanı ilə akademiyaya Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Bu, akademiyanın fəaliyyətinin ölkənin və bütünlüklə təmsil etdiyi xalqın milli mənafeyinə və dövlətçilik maraqlarına xidmət etməsinin təmin olunmasına geniş imkanlar açıb. Ölkəmizin əsas elmi qurumuna Milli Elmlər Akademiyası adının verilməsi Azərbaycanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyəti arasında nüfuzunu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləyib.
Ümummilli lider Heydər Əliyevin elmin inkişafı ilə bağlı müəyyənləşdirdiyi uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Hazırda Azərbaycan Respublikasında elmin ən müxtəlif sahələri üzrə 2500 nəfərə yaxın elmlər doktoru, 11900 nəfərə yaxın isə fəlsəfə doktoru çalışır. Azərbaycan Milli Elmlər Akademiyasına keçirilmiş seçkilər nəticəsində akademiklərin və müxbir üzvlərin yeni nəsli formalaşıb. İndi Azərbaycan Milli Elmlər Akademiyasının 70 həqiqi üzvü və 108 müxbir üzvü müxtəlif elm sahələrində uğurlu fəaliyyətlərini davam etdirir. Elmin ən yeni və müasir istiqamətləri üzrə də yüksəkixtisaslı, elmi dərəcələrə malik mütəxəssislərin hazırlanması Azərbaycan dövlət müstəqilliyinin mühüm nailiyyətidir.
Müstəqil Azərbaycan Respublikasının daha da inkişafına, müasir elmi məktəblərin və yeni elmi nəsillərin formalaşdırılmasına, beynəlxalq arenada xalqımızın və ölkəmizin tanıdılmasına xidmət etmək müasir Azərbaycan elminin şərəf işi və vəzifəsidir.
Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanların işığında irəliyə doğru addımlayır və ölkəmizin müasir inkişafına töhfələr verir.