İQTİSADİYYAT
Azərbaycan ən çox hansı ispandilli ölkələrlə ticarət əməliyyatları aparıb?
Bakı, 30 noyabr, Elvin Camalov, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 398,1 milyon ABŞ dolları, Meksika ilə 43,7 milyon dollar, Ekvadorla isə 33,1 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən İspaniya və Meksika ilə ticarət dövriyyəsi azalıb, Ekvadorla artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədir. Cari ildə İspaniyadan idxalın dəyəri 69,6 milyon dollar, Meksikadan 43,5 milyon dollar, Ekvadordan isə 33,1 milyon dollar təşkil edib. Meksikadan idxal əməliyyatlarının dəyəri azalıb, İspaniya və Ekvadordan artıb.
On ayda Azərbaycandan ən çox məhsul ixrac edilən ispandilli ölkələr İspaniya, Argentina və Kolumbiya olub. İspaniyaya ixracın dəyəri 328,4 milyon dollar, Argentinaya 3,5 milyon dollar, Kolumbiyaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb, Argentinaya isə çoxalıb.