İQTİSADİYYAT


Azərbaycan enerji tənzimləyicilərinin növbəti onlayn görüşündə təmsil olunub

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Enerji Tənzimləyiciləri Regional Assosiasiyasına (ERRA) üzv ölkələrin sədrləri, prezidentləri və komissarlarının növbəti onlayn görüşü keçirilib. Görüşdə Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) idarə heyətinin sədri Samir Axundov da iştirak edib.

AERA-dan AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə ERRA-nın sədri, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyasının (GNERC) üzvü Maya Melikidze açıb. Daha sonra ERRA-nın tənzimləmə üzrə mütəxəssisi Ardian Berisha “Valyuta məzənnəsi riski və tarif tənzimlənməsi” mövzusuna çıxış edib. GNERC-in Tarif və İqtisadi Analiz Departamentindən Qoçia Çitidze, Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumunun (EPDK) enerji üzrə eksperti Abdul Cebbar Karaoğlu, Şərqi Afrika Enerji Tənzimləyiciləri Birliyinin icra katibi (EREA) Cefri Mabea mövcud praktikadan nümunələr gətirərək mövzuya dair məruzələrlə çıxış ediblər, müzakirələr aparılıb.

“Məhkəmə qərarları və tənzimləmə sahəsi: tənzimlənən qurumlarla məhkəmə mübahisələri, mübahisələrin növləri (tarif, bazar qaydaları və sair)” mövzusunda ERRA-nın Rəyasət Heyətinin üzvü, Latviyanın Kommunal Xidmətlər Komissiyasının (PUC) sədri Rolands İrklis, Moldova tənzimləyicisinin (ANRE) Hüquq şöbəsindən Daniela Dan mövcud praktikadan nümunələrə dair çıxış ediblər və mövzu ətrafında müzakirələr aparılıb. Ərazilərin soyutma tənzimlənməsi mövzusunda Səudiyyə Ərəbistanı Elektrik və Kogenerasiya Tənzimləmə Təşkilatının (ECRA) mühəndisi Səud AL-Dalbahi Meshari çıxış edib. Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Dubay Elektrik və Su İşləri üzrə Tənzimləmə və Nəzarət bürosunun icraçı direktoru Graeme Lindsay Sims və Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Enerji departamentinin (DoE) su, qiymətləndirmə və Tariflər üzrə direktoru Xədicə Həsən Bin Braik tərəfindən mövcud praktikadan nümunələr təqdim edilib, iştirakçılarla müzakirələr olub.

Macarıstanın Enerji və Kommunal xidmətlər üzrə Tənzimləmə Qurumunun ümumi məsələlər üzrə vitse-prezidenti Tamas Toth “ERRA üzvlərinin hidrogenlə bağlı dekarbonlaşma siyasəti və tənzimləmə təcrübəsi” mövzusunda çıxış edib, sonra Fransa Enerji Tənzimləmə Komissiyasının (CRE) komissarı İvan Faucheuxin təqdimatı dinlənilib. Daha sonra Avstriyanın E-Control qurumunun beynəlxalq əlaqələr üzrə direktoru, ERRA-nın Rəyasət Heyətinin üzvü Dietmar Preinstorferun rəhbərliyi ilə iştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

İclasın sonunda Şimali Makedoniyanın Enerji Tənzimləmə Komissiyasının (ERC) və ERRA-nın Rəyasət Heyətinin üzvü Andrijana Nelkova-Çuçuk ERRA-nın Daxili Komitə işi və gələcək ERRA proqramları haqqında iştirakçılara məlumat verib.

Qeyd edək ki, Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2018-ci ilin aprelindən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının assosiativ üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.