İQTİSADİYYAT


Azərbaycan enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılmasında BP ilə əməkdaşlıq edəcək

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP şirkəti iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpaolunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə anlaşma memorandumu imzalayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu memorandum Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli enerji bazarının yaradılması, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi, BP-nin isə 2020-ci ildə “xalis sıfır emissiya” hədəflərini elan etməsi kontekstində imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “2030-cu ilə qədər istixana qazlarının tullantısının 35 faiz azaldılması, təmiz ətraf mühitə və yaşıl enerjinin payının istehsal və istehlakda artımına nail olunması Prezident İlham Əliyev tərəfindən ölkəmizin sosial-iqtisadi inkişafının prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu gün ölkədə bərpaolunan enerji sahəsinin inkişafı, xüsusilə yaşıl enerji zonalarının yaradılmasına yüksək səviyyədə dəstək verilir. Xarici və yerli investorlar Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək prosesinə dəvət edilir. Bu gün imzaladığımız sənəd neft-qaz sahəsində uzunillik strateji tərəfdaşımız BP ilə karbonsuzlaşdırma və bərpaolunan enerji layihələri üzrə əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Ümid edirəm ki, qlobal iqlim çağırışlarından irəli gələn müasir enerji trendlərinə transformasiya mərhələsində BP ilə birgə uğurlara imza ata biləcəyik”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “BP-nin və Azərbaycanın dayanıqlılıq üzrə müvafiq məqsədlərinə nail olmaq istiqamətində Energetika Nazirliyi ilə bu əməkdaşlıq imkanından çox məmnunuq. Bu gün imzaladığımız anlaşma memorandumu BP və Azərbaycan üçün potensial olaraq tərəfdaşlıq imkanlarına aparan yeni əməkdaşlıq platforması təmin edir. BP təxminən 30 ildir ki, Azərbaycanın enerji tərəfdaşıdır və inanırıq ki, şirkətin az karbonlu enerji sahəsində öz biznesini əhəmiyyətli dərəcədə artırmağı, həmçinin nəqliyyat və rahatlıq üzrə təklif etdiyi xidmətləri transformasiya etməyi hədəflədiyi bir vaxtda Azərbaycanla uğurlu tərəfdaşlığımıza əsaslanan böyük potensial mövcuddur. BP bu yaxınlarda Hyuston və Aberdin şəhərləri ilə tərəfdaşlığa başlayıb və biz bu anlaşma memorandumunu imzalamaqla emissiyaların azaldılmasına yönəlmiş təmiz enerji də daxil olmaqla inteqrasiya edilmiş enerji və nəqliyyat həlləri gətirmək məqsədilə Azərbaycanın regionları və şəhərləri ilə də oxşar tərəfdaşlıq imkanlarını araşdırmaq istəyirik”.

Memoranduma əsasən, fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə” və “İşçi Qrupu”un yaradılması, Azərbaycanın müvafiq region və ya şəhərləri üçün karbonsuzlaşdırma üzrə “Baş Plan”nın hazırlanması nəzərdə tutulur. “Baş Plan” təmiz enerji layihələri, az karbonlu nəqliyyat, yaşıl binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətlərini əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.