CƏMİYYƏT
“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimatı olub
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və ictimai xadimlər, Milli Məclisin deputatları, Azərbaycandakı xarici ölkə səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Təqdimat mərasimində Azərbaycan ərazisinin 20 faizinin işğal altında olması, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş hər bir rayonun məruz qaldığı maddi, mənəvi və ekoloji terror barədə danışılıb.
Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Mehdi Mehdiyev qeyd edib ki, kitabın yazılmasında əsas məqsəd ermənilərin Azərbaycan xalqına, onun ərazilərinə vurduğu maddi, mənəvi və ekoloji ziyanı dünya ictimaiyyətinə çatdırmaqdır: “Çox təəssüf ki, BMT-nin işğal edilmiş ərazilərin qeyri-şərtsiz azad edilməsinə dair dörd qətnaməsi bu günə kimi icra olunmayıb. Qurumun daimi üzvlərinin bu məsələyə laqeyd yanaşması bizi çox məyus edir. Hazırda işğal edilmiş ərazilərdə çaylar çirkləndirilir, meşələr qırılır, torpaqlar yararsız hala salınır, qiymətli və nadir flora növləri isə məhv edilərək müxtəlif məqsədlər üçün istifadə olunur. Erməni vandalları həmin ərazilərin təbiətinə çox böyük ziyan vururlar”.
M.Mehdiyev kitabın hazırlanmasında göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirib.
Tarix elmləri doktoru, professor Şikar Qasımov öz çıxışında ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlardan, mədəniyyətimizə, mənəvi dəyərlərimizə, ekologiyamıza, tarixi memarlıq abidələrimizə vurduğu ziyandan, onların yürütdükləri terror siyasətinin tarixi köklərindən danışıb. Professor işğal altındakı ərazilərdə toponimlərin saxtlaşdırılması, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın ətraf mühitinə, təbii sərvətlərinə vurulmuş zərərin miqyası barədə məlumat verib.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko və başqaları ekoloji terroru pisləyib, ətraf mühitə, təbii sərvətlərə vurulan ziyana görə narahatlıqlarını ifadə ediblər.