SİYASƏT
Azərbaycan ermənilərin Qarabağda törətdiyi vandallıqlar barədə Avropa Parlamentinə dəfələrlə müraciət etsə də bunlara heç bir reaksiya verilməyib
Bakı, 11 mart, AZƏRTAC
Avropa Parlamentinin son qərarı şübhəsiz ki, Azərbaycana qarşı illərdir müxtəlif sahələrdə davam etdirilən ikili standartların daha bir bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bunu martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan “Erməni mədəni irsinin məhv edilməsi” ilə bağlı qətnaməni şərh edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
O qeyd edib ki, Azərbaycan dövləti Qarabağda ayrı-ayrı tarixi-mədəni irsimizə qarşı törədilən vandallıqlar, vəhşiliklər haqqında faktlarla, sübutlarla dəfələrlə dünya ictimaiyyətinə, Avropa Parlamentinə və digər qurumlara müraciət etsə də bunlara heç bir reaksiya verilməyib.
Avropa Parlamentinin Azərbaycanı Qarabağda guya Ermənistanın mədəni irsinə zərbə vurmaqda ittiham etməsi şübhəsiz ki, ölkəmizə qarşı növbəti hücum dalğasının nəticəsidir.
Azərbaycanda, Bakı şəhərinin mərkəzində ermənilərə məxsus kilsənin qorunub saxlanıldığını diqqətə çatdıran İctimai Birliyinin sədri deyib ki, bu, Azərbaycanın göstərdiyi münasibətin nəticəsidir. Lakin Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə şübhəsiz ki, ikili standartların nümunəsidir və Azərbaycan xalqı, dövləti bunu qətiyyətlə rədd edir.
“Ümumiyyətlə, Avropa Parlamenti və bu kimi digər qurumlar dəfələrlə Azərbaycan üçün müxtəlif məsələlərdə ikili standartlardan çıxış edərək Azərbaycan xalqının nəzdində öz etimadlarını tamamilə itiriblər. Bu mənada onların hazırladıqları hesabat da bizim üçün boş kağız parçasından başqa bir şey deyil. Azərbaycanın işğal altında olmuş bölgələrində müşahidələr göstərir ki, indiyə qədər bütün tarixi, mədəni irsimizə qarşı böyük bir vandallıq törədilib. Bunu görməməzlikdən gəlib belə saxta bəyanatla çıxış etmək yalnız bu qurumların nüfuzunu zədələməkdən başqa bir şey deyil”, - deyə Fərid Şahbazlı vurğulayıb.