MƏDƏNİYYƏT
“Azərbaycan evi” Ankarada festivalda sonsuz maraqla ziyarət olunub VİDEO
İstanbul, 10 sentyabr, AZƏRTAC
Ankarada, şəhərin Etiməsqut rayonu bələdiyyəsinin təşkilatçılığı ilə Beynəlxalq Anadolu Günləri Mədəniyyət və Sənət Festivalı keçirilib. Festival çərçivəsində təşkil edilən Azərbaycan gecəsinə böyük maraq göstərilib, tədbirə on minlərlə yerli sakin qatılıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Anadolu Günləri Mədəniyyət və Sənət Festivalı keçirildiyi 15 il ərzində bu qəbildən olan tədbirlər arasında böyük nüfuz qazanıb. Ənənəvi olaraq, Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, türkdilli ölkələr və xalqlar da festival çərçivəsində öz mədəniyyətlərini nümayiş etdirirlər. On gün davam edən festivalın bağlanış mərasimi “Azərbaycan gecəsi”nə təsadüf edib. On minlərlə insanın qatıldığı gecənin iştirakçıları festival meydanında yaradılan “Azərbaycan evi”ndə ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətinə həsr edilmiş nadir nəşrlər, xalqımızın qədim və zəngin mədəniyyəti, ədəbiyyatı, milli mətbəximiz, eləcə də ölkəmizin tarixini, bugünkü inkişafını əks etdirən kitablarla tanış olublar.
Tədbirdə çıxış edən Etiməsqut bələdiyyəsinin sədri Ənvər Dəmirəl və Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim bu cür tədbirlərin iki ölkə arasındakı qardaşlıq əlaqələrinin daha da inkişaf etməsinə mühüm töhfə verdiyini bildirdilər.
Daha sonra Ankaranın Etiməsqut rayonu ilə qardaşlaşmış Şirvan şəhərinin nümayəndələri tədbirin təşkilatçılarına xatirə hədiyyələri təqdim etdilər.
Azərbaycandan gələn incəsənət ustalarının təqdim etdikləri milli rəqslər, eləcə də bir-birindən gözəl xalq və bəstəkar mahnıları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Türk tarixinin ən şanlı səhifələrini əks etdirən maraqlı kompozisiyalarla davam edən gecə tanınmış estrada ulduzu Murad Bozun çıxışı ilə yekunlaşıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul